Yeni nəsil Audi A7 Sportback modelinin təqdimatından bir aydan bir qədər artıq müddət keçib. Bu günlərdə avtomobil cəsusları İspaniyada maraqlı bir prototipə rast gəliblər. Cəsuslar tərədindən çəkilən A7 modelinin şəkillərini Motor1 saytı dərc edib.
Böyük ehtimalla, şəkillərdə təsvir olunan avtomobil A7 ailəsinin “bərkgedən” üzvü olan Audi RS7 Sportback modelinin sınaq prototipidir. Şəkillə diqqətlə baxsaq, prototipin ön bamperinin standart modeldən fərqli olaraq iri hava girişlərinə sahib olduğunu görərik. Bundan başqa, iri ölçülü və geniş təkər disklərinin də adi təkər tağlarına yerləşmədiyi üçün, onlara genişləndiricilərin quraşdırıldığını da görmək olar. Avtomobilə arxa tərəfdən nəzər saldıqda isə, RS7 Sportback modelinə xas olan səsboğucu sistemin oval formalı çıxış borularını görmək mümkündür.
Böyük ehtimalla, prototipin kapotunun altında 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki quraşdırılıbdır. Bu mühərrikin 650 at qüvvəsinə və 813 Nm fırlanma anına malik olduğu da ehtimal edilir.
Audi şirkətinin şef dizayneri Markus Lixte “bərkgedən” RS7 Sportback modelinin 2018-ci ilin sonunda debüt edəcəyini bildiribdir. Onun sözlərinə görə, “bərkgedən” modelin RS7 Sportback performance modifikasiyası 700 at qüvvəsinə malik olan hibrid güc qurğusuna sahib olacaqdır.
Saiyələrə inansaq, benzin mühərriki ilə yanaşı, İnqolştatdan olan mütəxəssislər RS7 Sportback modelini dizel güc areqatı ilə təchiz etmək üzərində də düşünürlər. Qalan müddət ərizndə alman istehsalçısı liftbekin “qaynar” variantı olan Audi S7 Sportback modelini təqdim edəcəkdir.