Audi şirkəti “bərkgedən” S8 sedanının yeni nəslini təqdim edib. Dizel mühərrikinə keçən Audi S6 və S7 modellərindən fərqli olaraq, bayraqdar sedan səkkiz silindrli benzin mühərrikini qoruyub.
Son tendensiyalara uyğun olaraq, Audi S8 modelinin kapotunun altında “yumşaq” hibrid güc qurğusu yerləşib. Bu qurğunun tərkibinə 571 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik benzin V8 biturbomühərriki və 48 voltluq şəbəkədən qidalanan startyor-generator daxildir. Startyor-generator həmçinin start/stop sisteminin fəaliyyətinə də cavabdehdir.
Güc aqreqatı səkkiz pilləli avtomatik qutu və quattro tam ötürməsi ilə tandemdə çalışır. S8 modeli standart olaraq prediktiv adaptiv asqı sistemi, dönən arxa təkərlər, aktiv arxa differensialı ilə təchiz edilir. Opsiyalar arasında 21-düymlük təkər diskləri və karbon-saxsı əyləc mexanizmləri də vardır.
Zahirən yeni Audi S8 modeli A8 sedanından başqa formalı bamperləri və buraxılış sisteminin iki cütlənmiş çıxış boruları ilə seçilir. Salonda alüminiumdan və üçölçülü effektə malik olan Carbon Vector materialından hazırlanmış dekor elementləri və rombşəkilli tikişləri olan oturacaqları görmək olar.
Yeni Audi S8 modelinin Almaniyadakı satışlarına bu ilin sonunda start veriləcəkdir. Sedanın qiyməti 120 min avrodan başlayacaqdır.