Məlum olduğu kimi, Audi şirkəti “kürə” seriyasından olan üç konseptual avtomobili - Sky Sphere, Grand Sphere və Urban Sphere elektrokarlarını hazırlayır. Bu gün alman istehsalçısı onlardan birinin üzərindəki sirr pərdəsini qaldırıb - bu Skysphere elektrik rodsteridir.
Hələlik isə, Audi şirkəti kütləvi debütü 13 avqust tarixində Kaliforniyada keçiriləcək Monterey Car Week tədbirində baş tutacaq konseptin rəsmi şəkillərini və videogörüntüsünü yayımlayıb. Konsept maraqlı bir xüsusiyyətə malikdir: seçilmiş hərəkət rejimindən asılı olaraq avtomobilin uzunluğunu dəyişə bilər. Artım 25 santimetrdir və bütövlüklə təkər bazasının payına düşür.
Audi Sky Sphere elektrokarı konsept statusuna malik olmaqla yanaşı, alman markasının dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirmək vəzifəsini daşıyır: gələcəkdə Audi markasının elektromobilləri belə dizayna malik olmalıdırlar.
Sky Sphere modelinin yaradılması zamanı dizaynerlər 1930-cu illərin Horch 853A rodsterindən ilham alıblar. Konsept Art Deco üslubunda dizayna və müasir texnologiyalara malikdir. Elektromobilin ön tərəfində işıqlanan naxışları olan bağlı panel, arxa tərəfində isə, qırmızı rəngli bənzər naxışlara malik olan digər panel var. Digər dizayn xüsusiyyətləri arasında geniş təkər tağları, 23-düymlük aerodinamik disklər və çıxarıla bilən dam var.
Rodster uzunluğu dəyişə bilər. Məsələn, drayver sürüşü üçün nəzərdə tutulmuş Sport rejimində rodsterin uzunluğu 4,94 metrə, dördüncü səviyyəli avtopilotun aktivləşdirildiyi Grand Touring rejimində isə, onun uzunluğu 5,19 metrə qədər artır. Qeyd etmək gərəkdir ki belə transformasiya ideyası ye deyil: Renault Morphoz konsepti də belə qabiliyyətə malikdir.
Yeri gəlmişkən, Sky Sphere modelinin təchiz edildyi avtopilot sürücünün idarəetmə prosesinə müdaxiləsini tələb etmir. Üstəlik, sistem işə salındıqda sükan avtomatik olaraq ön paneldəki, pedallar isə döşəmədəki yuvaya yığışdırılır. Sürücünün və ön sərnişinin əylənməsinə isə, ön panelin eni boyunca uzanan multimedia sisteminin genişformatlı displeyi cavabdehdir.
Konseptual rodster arxa oxda quraşdırılmış 623 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Güc qurğusu 80 kilovat-saatlıq batareyadan qidalanır. Elektromobilin yürüş ehtiyatı WLTP dövrünə əsasən 500 kilometr təşkil edir. Audi nümayəndələri 1,8 ton ağırlığı olan Sky Sphere modelinin 100 km/saat həddinə dörd saniyəyə sürətlənə biləcəyini söyləyirlər.
Digər iki konseptə gəldikdə isə,Grand Sphere modelinin liftbek kuzovuna malik olacağı və 2021-ci ilin sentyabr ayında işinə başlayacaq Münhen avtosalonunda debüt edəcəyi məlumdur. Urban Sphere haqqında məlumat azdır: onun şəhər elektrik krossoveri olacağı ehtimal olunur. Sonuncu konseptin debüt tarixi hələlik açıqlanmayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.