Audi şirkəti, Volkswagen qrupunun Project Artemis kod adlı yeni nəsil “yaşıl” platformasında inşa olunacaq gələcəyin elektromobillərini nümayiş etdirməyə hazırlaşır. Alman markasının vitse -prezidenti Henrik Venders və baş dizayneri Mark Lixte çəkdikləri xüsusi videoçarxda ilk “sferik” konsept haqqında danışıblar.

Bu, 1930-cu ilin Horsch 853A modelindən ilham alınaraq yaradılmış Sky Sphere kabrioletidir. Dəbdəbəli xəttin ilk nümayəndəsinin təqdimatı  10 avqust tarixində Malibuda keçiriləcəkdir.

Mark Lixte Sky Sphere kabrioletini "idman avtomobili-transformer" kimi səciyyələndirib, şou-karın təchiz edildiyi avtonom idarəetmə sistemini isə, "dəbdəbənin zirvəsi" adlandırıb. Avtomobil Horsch 853A kabrioletini xatırladan uzun kapotlu aerodinamik siluetə, habelə radiator barmaqlığının yerində quraşdırılan üçbucaqlı naxışlarları olan bağlı panelə sahibdir. Kuzovun eni boyunca uzanan arxa işıqların təribatında da eyni naxışlardan isifadə olunub.

Audi Sky Sphere konseptinin salonu hələlik nümayiş etdirilməyib. Avtopilotun mövcudluğunu nəzərə alsaq, konseptin salonunda  bir-birinə tərəf dönə bilən ultrarahat kresloların quraşdırılacağını ehtimal etmək olar.

Sky Sphere modeli elektrik güc qurğusu ilə hərəkətə gələcək və gələcək Project Artemis platformasına əsaslanacaqdır. Elektrokarın yürüş ehtiyatı hələlik gizli saxlanılır. Lakin Mercedes-Benz şirkətinin 1200 kilometrlik mənzili olan elektrik konseptini təqdim etməyə hazırlaşdığını nəzərə alsaq, Audi konseptinin də kifayət qədər uzun mənzilə malik olacağını gözləmək olar.

Sky Sphere konsepti üç dəbdəbəli elektrokarlardan yalnız biridir. Onu Urban Sphere və Grand Sphere modelləri təqib edəcəklər. Sonuncunun Audi A8 bayraqdar sedanının varisi olacağı gözlənilir. İlkin məlumatlara görə, hər üç konsept bir il ərzində debüt etməlidirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.