Əvvəllər Audi şirkətinin RS idman ailəsindən olan avtomobilləri yalnız daxili yanma mühərrikləri ilə təchiz edilirdisə, növbəti onilliyin əvvəlində əfsanəvi nişanı daşıyan modellər minimum hibrid, maksimum isə tam elektrik güc qurğusu ilə hərəkətə gələcəklər. Eyni zamanda, S və RS model xəttinə cavabdeh olan Audi Sport bölməsi əlavə auditoriya cəlb etmək məqsədilə, özü üçün yeni olan sinif və seqmentlərə müdaxilə etməyi planlaşdırır.
Audi Sport bölməsinin icraçı direktoru Sebastyan Qrəms “Autocar” nəşrinə verdiyi müsahibədə, bölmənin 2030-cu ilə qədər bütün model xəttinin elektrikləşdirəcəyini təsdiqləyib. Avtomobillər ya hibrid güc qurğusuna malik olacaq, ya da tam elektrik ötürməsinə keçəcəklər. Yeni nəsil RS-modellərinə keçid, benzin turbomühərriklərdən imtina ilə müşayiət olunacaq və əsas üstünlük plagin hibridlərə veriləcəkdir.
Eyni zamanda, belə avtomobillər güc baxımından sələflərindən geri qalmayacaq, hərəkətdə isə elektrik mühərriklərinin bütün potensialından istifadə etmək qabiliyyətinə görə daha da maraqlı olacaqlar. Audi Sport çeşidinə müxtəlif siniflərdən olan daha çox krossover və elektromobillər daxil ediləcək, bununa baxmayaraq, brendin dəyərləri qorunub saxlanılacaqdır - RS versiyası alan Audi modelləri elə də çox olmayacaq.
Ömürlərini başa vuran “təmizqanlı” Audi R8 və Audi TT sportkarlarının varislərinə gəlincə, yeni nəsil modellərlə bağlı qərar hələlik qəbul edilməyib. Həmçinin varislərin istehsala göndərilməsi halında onların hansı güc qurğuları ilə təklif ediləcəyi barədə qərar da qəbul olunmayıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.