Audi Sport bölməsi yeni RS 3 modelinin hardkor versiyası olan RS 3 LMS yarış sedanını təqdim edib. Avtomobilin əsasını dördüncü nəsil Audi A3 sedanı təşkil edir, baxmayaraq ki, LMS versiyasının “mülki” sedanla ümumi cəhətləri çox azdır. Mühəndislər əvvəlki nəsil RS 3 LMS ilə müqayisədə hərtərəfli yaxşılaşdırmalar vəd edir, lakin məlum olduğu kimi, təkmilləşdirmıələr TCR çempionatının reqlamenti ilə məhdudlaşır.
Yarış Audi RS 3 LMS modeli yalnız uzaqdan adi sedana bənzəyir: avtomobildə orijinal karbon lifindən hazırlanmış orijinal enli aerodinamik kuzov dəsti, enli sliklər, tənzimlənən iri arxa antiqanad və hətta başqa fənərlər quraşdırılır. Kuzov maksimal dərəcədə yüngülləşdirilib, tək oruracaq olan salona təhlükəsizlik karkası qaynaq edilib.
“Mülki” RS 3 yeni nəsli 2,5-litrlik “turbobeşlik” və tam ötürməni qoruyub saxlayacaqdır, lakin LMS versiyasının texniki hissəsi fərqlidir: kapotun altında təkmilləşdirilmiş dördüncü nəsil 2.0-litrlik EA888 dördsilindrli turbomühərrik yerləşir. Güc aqreqatı 340 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edir. Sələfi ilə müqayisədə yenilənmiş mühərrikin gücü 10 at qüvvəsi artırılıb. Bu yenilənmə, TCR çempionatının sərt reqlamentinin nəticəsidir.
Mühərrikin gücü, Hewland şirkətinin sükanaltı dəstəkləri olan 6-pilləli sekvental ötürmələr (mexaniki Sadev ötürmıələr qutusunun əvəzinə) qutusu vasitəsi ilə ön oxa ötürülür. Məhdud sürtünməli differensial mexaniklərin parametrlərini tez zamanda dəyişdirməsinə imkan verən xarici kilidləmə tənzimlənməsinə malikdir. Audi Sport, yarış rejimində belə aqreqatların uzun müddət xidmət edəcəyini vurğulayır: onların resursu on minlərlə kilometrə hesablanıb.
Asqı sistemi seriya variantını təkrarlayır - ön tərəfdə gücləndirilmiş McPherson dayaqları, arxada isə dördqollu asqı var, lakin onların kinematikası fərqlidir və qollar xüsusi olaraq yarış avtomobili üçün hazırlanıblar. Mexaniklər klirensi, təkər bucaqlarını geniş diapazonda tənzimləyə bilərlər. Bundan başqa, köndələn dayanıqlılıq stabilizatorlarının sərtliyi də tənzimlənir.
Sürücünün qorunmasına xüsusi diqqət yetirilir: Audi Sport yeni RS 3 LMS modelini TCR sinifindəki ən təhlükəsiz avtomobil hesab edir. Rekord möhkəmliyə malik xüsusi oturacaq avtomobilin mərkəzində yerləşdirilir, yan tərəflərdəki torlar da sürücünü müdafiə edir. FIA-nın tələblərinə uyğun olaraq damda təxliyə lyuku, salonda isə yanğın söndürmə sistemləri və altınöqtəli təhlükəsizlik kəmərləri var.
Yeni Audi RS 3 LMS modelinin qiyməti açıqlanmayıb, lakin 2016-cı ildəki debütü zamanı sekvental qutusu olan əvvəlki nəsil yarış sedanı 129 min avroya satılırdı. Model çox uğurlu olub: dörd il yarım ərzində 180 yarış avtomobili satılıb.
Yəqin ki, yaxın zamanlarda Audi Sport bölməsi dördüncü nəsil adi RS 3 modelini buraxacaqdır. Şayiələrə görə, “bərkgedən” versiya 400 at qüvvəli “mülayim” hibrid olacaqdır.