Audi şirkəti Competition idman dəsti ilə təchiz edilmiş R8 V10 plus kupesini təqdim edib. ABŞ bazarı üçün nəzrdə tutulan və 10 nüsxədə buraxılacaq sportkarı Audi Sport kataloqundan olan karbon kuzov dəsti və digər detallar ilə təchiz ediblər. Xüsusi seriyadan olan sportkarların qiyməti 237350 dollar təşkil edəcəkdir.
Xüsusi seriyadan olan kupe adi R8 modelindən karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəsti ilə seçilir. Bu dəstin tərkibinə ön splitter, yan hava girişləri, kanardlar, arxa diffuzor və bərkidilmiş arxa antiqanad daxildir. 150 km/saat sürətində bu dayaq iki dəfə, 315 km/saatlıq maksimal sürət həddində isə adi R8 modelindən 100 kiloqram çox yerəbasma gücü hasil edir.
Çəkinin azaldılması üçün karbon-saxsı əyləc mexanizmlərinin titandan hazırlanmış bərkitməsi və yüngülləşdirilmiş təkər diskləri tətbiq edilibdir. Ümumilikdə, bu detallar 12 kilqoram çəkiyə qənaət etməyə imkan verib. Əlavə olaraq, Audi R8 V10 plus Competition yarış oturacaqları, dəyişən ötürmə əmsalı olan sükan mexanizmi, tənzimlənən asqı, ötürmələr qutusunun karbondan hazırlanmış sükanaltı dəstəkləri ilə təchiz edilib.
Sportkarın interyer tərtibatında alkantara və karbondan istifadə edilir. Kupenin texniki və dinamik xarakteristikaları açıqlanmayıb. Çox güman ki, kupe 610 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki ilə təchiz edilir. Yeddi pilləli S tronic “robotu” ilə tandemdə çalışan güc aqreqatı kupeni 100 km/saat həddinə 3,2 saniyəyə sürətləndirir. Kupenin maksimal sürəti 330 km/saatdır.