Audi Q5 ailəsi kupeşəkilli kuzova və 3,0-litrlik dizel mühərriki ilə təchiz edilmiş "bərkgedən" SQ5 Sportback TDI krossoveri ilə tamamlanıb. Avropada, yeni krossoverin qiyməti 70.233 avrodan başlayır.
Üç litrlik dizel mühərriki start-stop sistemindən məsul olan və sürətlənmənin ilk saniyələrində mühərrikin gücünü artıran 48-voltluq startyor-generatoru şəklində əlavə qurğuya malikdir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu və quattro tam ötürmə sistemi ilə birlikdə çalışır.
Audi SQ5 Sportback TDI modeli 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
SQ5 Sportback TDI modelinin təchizatına klimat-kontrol, 20-düymlük təkər diskləri (21-düymlük təkər diskləri opsiyadır), dəri və parça ilə üzlənmiş oturacaqlar və ənənəvi cihazlar paneli daxildir. Əlavə ödəniş ilə, krossoveri S-tənzimləmələri və allroad rejimi olan pnevmosaqını, dartma vektoruna nəzarət funksiyası olan aktiv arxa differensialı sifariş etmək olar.