Məlum olduğu kimi, Audi və Porsche şirkətləri seriya elektrokarlarını müstəqil şəkildə hazırlayıblar. Bu modellərdə ümumi detalların olmasına baxmayaraq, hər bir layihə özünəməxsusdur. Lakin, iki istehsalçı gələcəkdə bu sahədə səylərini birləşdirmək fikrinə düşüblər.
Tərəflər Premium Platform Electric (PPE) adlandırılan modul platformasını birlikdə hazırlamaq haqqında razılıq əldə ediblər. Hazırki platformalarla müqayisədə yeni platforma daha çevik, miqyaslanan, həmçinin həm krossover, həm də sedanların inşasına yararlı olacaqdır. Bildiyimiz kimi Audo e-tron quattro bu il işıq üzü görməlidir, Porsche Mission E modeli isə 2019-cu ildə təqdim ediləcəkdir. Lakin, hər iki markanın PPE platformasında buraxılacaq elektromobilləri 2021-ci ildə işıq üzü görəcəkdirlər.
Elektrik ötürməsi salonu sərbəst şəkildə tərtib etməyə, aqreqatları isə döşəmənin altında yerləşdirməyə imkan verir. PPE platformasında bu üstünlüklər indiki platformalara nisbətən daha parlaq xarakter daşıyacaqdırlar.
Hər bir şirkətin texniki inkişaf mərkəzlərində (İnqolştadt və Vaysaxda) Ppe üzərində işləyən qruplar yaradılıbdır. Bu layihəyə köməklik göstərən mütəxəssislərdən əlavə Audi şirkətində işlərə 550, Porsche şirkətində isə 300 mühəndis cəlb edilib. Hər iki şirkətin mühəndisləri mütəmadi olaraq digər şirkətin mərkəzinə baş cəkməlidirlər. Ümumi layihə çərçivəsində üç avtomobil ailəsi yaradılacaqdır. İki ailənin yaradılmasında aparıcı rol Audi şirkətinə məxsusdur. Üçüncü ailəyə cavabdeh isə Porsche şirkətidir.
Ümumi əsasa baxmayaraq hər bir markanın elektromobilləri brendin fərdiliyini qoruyub-saxlayacaqdırlar.
“Əgər biz qarşımızda qoyulan tapşırığı müstəqil şəkildə yerinə yetirsəydik xərclərimiz təxminən 30% çox olardı”, - Porsche şirkətinin idarə heyətinin sədri Oliver Blum bəyan edib.
Audi şirkətinin rəhbəri Rupert Ştadler yeni addımı belə şərh edib: “PPE gələcəyimizin vacib hissəsidir. Avtomobil sənayesində görünməmiş əməkdaşlıq sayəsində gələcək modellərin xarakteristikaları, sıfır səviyyəsində tullantılar və rentabellik səviyyəsi ideal kombinasiyanı yaradır. Beləliklə, bu halda 1+1 üçə bərabərdir”.