Audi şirkəti R8 sportkarının «Le-Manın 24 saatı» və «Nürburqrinqin 24 saatı» marafonlarında əldə etdiyi çoxsaylı qələbələrə ithaf etdiyi «selection 24h» modifikasiyasını təqdim etmişdir. Xüsusi modifikasiya Audi R8 V10 Plus modelinin əsasında hazırlanmışdır. Bildiyimiz kimi, kupe 610 at qüvvəsi gücü olan 5,2-litrlik on silindirli mühərriklə hərəkətə gəlir. Superkar, tərkibinə karbondan hazırlanmış qabaq splitter, yan güzgülərin korpusu, yan kandarlar və arxa antiqanad daxil olan aerodinamik kuzov dəstini və lazer texnologiyasından istifadə edilməklə hazırlanmış ön fənərləri əldə etmişdir.
Sportkarın kuzovu Suzuka Gray adlanan açıq boz rəngə boyadılmış, qara örtmələrlə və qırmızı zolarlarla bəzədilmişdir. Avtomobilin arxa qanadlarında yerləşən hava girişlərinin üzərinə xüsusi modifikasiyanın adı həkk olunmuşdur. Audi R8 V10 plus selection 24h modifikasiyası idman xarakterli səsboğucu sistemlə, 20-düymlük təkər diskləri və Audi magnetic ride adaptiv asqı sistemi ilə təchiz edilir. Xüsusi modifikasiyanın salonun tərtibatında yüksək kefiyyətli dəri və alkantaradan istifadə edilmişdir. Avtomobilin qapıları açılarkən yols səthinə «R8» sözləri proyeksiya edilir.
Audi R8 selection 24h modelinə sifarışlər bu gündən başlayaraq qəbul edilir. Avtomobilin satış qiyməti 229000 avrodan başlayır. Bu seriyadan olan avtomobillərdən cəmi 24 ədəd buraxılacaqdır. Xüsusi modifikasiyanın kütləvi nümayişi 28 may tarixində keçiriləcək «Nürburqrinqin 24 saatı» marafonunda baş tutacaqdır.