Keçən noyabr ayında epoxal bir hadisə baş verdi: konveyerdən sonuncu Audi TT sportkarı çıxdı. İnqolştadt istehsalçısı 25 il ərzində üç nəsildən olan təxminən 663 min TT kupe və rodsteri istehsal edib. Lakin bu yığcam sportkarın istehsalının dayandırılması heç də sürpriz olmayıb, çünki bir müddət bundan əvvəl Audi şirkəti TT modelinin müxtəlif bazarlar üçün nəzərdə tutulmuş bir neçə vida versiyasını buraxıb.

 İndi oxşar ssenari üzrə ortamühərrikli Audi R8 superkarının təqaüdə göndəriləcəyi ehtimal olunur. İlk vida seriyası Yaponiya bazarı üçün hazırlanıb.

Audi R8 V10 Japan Final Edition xüsusi nəşri R8 V10 performance quattro modifikasiyasının əsasında inşa olunub. Kupenin kuzovu tutqun ağ Ibis White rənginə boyanıb və aerodinamik dayağın karbonplastikdən hazırlanmış detalları, habelə qara rəngli emblemlərlə bəzədilib.

20-düymlük təkər diskləri də tutqun rəngdədir, karbon-kreamik əyləc diskləri ilə tandemdə çalışan supportlar parlaq qırmızı rəngdə boyanıblar.

Superkarın salonu boz və oturacaqların kürək hissəsində rombşəkilli tikmə-naxışları olan qara nappa dərisi ilə üzlənib. Tavan da eyni naxışlı alcantara ilə örtülüb. İnteryerin əsas xüsusiyyəti isə, kupenin seriyadakı fərdi nömrəsi və Japan Final Edition yazısı həkk olunmuş alüminium kandar lövhələridir.

Vida seriyasından olan kupenin texniki hissəsi standartdır: 620 at qüvvəsi və 580 Nm fırlanma anına malik olan 5,2-litrlik V10 atmosfer mühərriki, 7-pilləli S tronic preselektiv “robotu” və quattro tam ötürməsi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Vida versiyası cəmi səkkiz nüsxədə buraxılacaq. Alıcılara avtomobilin seriya və VIN nömrəsi olan  metaldan hazırlanmış xatirə lövhəsi də veriləcək. Belə bir eksklüziv üçün yapon alıcıları 35,1 milyon yen ödəməli olacaqlar ki, bu da təxminən 247,6 min dollar təşkil edir.

Tezliklə digər bazarlar üçün vida versiyalarının təqdim ediləcəyi gözlənilir.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.