Audi şirkəti dərc etdiyi videoçarxda yeni elektrik konseptini nümayiş etdirib. Yeni konsept Porsche şirkəti ilə əməkdaşlıqda hazırlanmış PPE platformasında inşa edilmiş və Sportback modellərinin üslubunda cizgilərə malik olan dördqapılı avtomobildir.
Alman markaları tərəfindən hazırlanmış Premium Platform Electric (PPE) platforması tamölçülü premium avtomobillər üçün nəzərdə tutulmuşdur. Bu platformada həm minik avtomobillərini, həm də krossoverləri inşa etmək mümkündür. Platformanın çevikliliyi avtomobilin uzunluğunu və təkər izini dəyişməyə imkan verir. PPE platformasının güc batareyası 800 voltluq cərəyanla işləyir və 350 kilovatlıq gücü olan yükləməni dəstəkləyir.
Standart olaraq PPE arxa hissədə quraşdırılan elektromotor ilə hərəkətə gəlir. Gərək olduqda, ikinci mühərriki öndə quraşdıraraq tam ötürməni, təkərlər arasında dartma qüvvəsinin dinamik paylanmasını təmin etmək, həmçinin platformaya dönən arxa təkərləri inteqrasiya etmək olar.
Öz ölçülərinə görə yeni elektrokar Audi A4 modelinə yaxın olsa da, onun ümumi stilistikası A7 Sportback modelindən götürülübdür. Videodan göründüyü kimi, konseptin ön hissəsi Audi e-tron GT modelinin üslubundadır, ön fənərlər isə digər modellərdən fərqli naxışa malikdir. Audi nümayəndələri bu modelin şirkət üçün çox vacib olduğunu və alman markasının firma üslubunun inkişaf vektorunu nümayiş etdirdiyini bildiriblər.