2007-ci ildə təqdim edilmiş Audi Quattro Concept Cabriolet konseptini saymasaq, Audi markası bu günə qədər kabriolet kuzovlu krossover buraxmaq fikrindən uzaq olub.
Bu günlərdə "Autoguide" nəşri tərəfindən aşkarlanmış patent təsvirləri alman markasının fikrindən daşındığından xəbər verir. Əlbəttə, bu patent təsvirləri hələlik İnqolştadt istehsalçısının krossover - kabrioletə yaşıl işıq yandırdığına dəlalət etmir.
Aşkar edilən təsvirlərdə qəribə görünüşə və maraqlı qatlanma mexanizminə malik olan krossover çəkilmişdir. Şəkillərdən də göründüyü kimi, kabriolet aşma halında sərnişinlərin müdafiəsini təmin edəcək iki dayaqla təchiz ediləcəkdir.
Kabrioletin damı isə üç müxtəlif hissədən ibarətdir. Tavanın mərkəzi hissəsi baqaja qatlansa da, onun arxa hissəsi baqaj qapağı rolunu oynayır ki, bu qatlanma prosesini sadələşdirməklə yanaşı çəkiyə qənaəti də təmin etmiş olur. Tavanın ön hissəsi isə sürücü və ön sərnişinin başı üzərində qalır.
«Yan və arxa dayaqların, həmçinin sərt tavanın mövcudluğu sayəsində nəqliyyat vasitəsi digər kabrioletlərə nisbətən daha geniş məkan təklif edir», - Audi şirkəti patentdə şərh verib. Əgər Audi şirkəti belə bir kabrioleti buraxmaq fikrinə düşərsə Q8 modelindən daha yaxşı namizəd tapılmayacaqdır.