Audi şirkətinin bayraqdar modeli olan A8 sedanı artıq bir neçə müddətdir ki satılsa da, onun “bərkgedən” modifikasiyası olan S8 sedanı barədə heç bir məlumat verilmir. Bu günlərdə Automotive Mike adlı Youtube kanalında Audi S8 modelinin sınaqlarından çəkişmiş videoçarx peyda olub.
Videoçarxda kamuflyajsız Audi A8 sedanının Nürburqrinqin “Şimal ilgəyində” dövrələr vurması təsvir edilib. Heç bir kamuflyaja malik olmayan sedanın S8 modelinin prototipi olduğundan şübhə etməmək olar: buna avtomobilin buraxılış sisteminin səsi dəlalət edir. İstənilən halda, artıq satışda olan standart sedanın sınaqlarının aparılması bir qədər məntiqə uyğun gəlmir.
Yeni nəsil Audi S8 sedanının Porsche Panamera Turbo modelindən tanış olan 550 at qüvvəli 4,0-litrlik səkkiz silindrli turbomühərriklə təchiz ediləcəyi ehtimal olunur. İlkin məlumata görə, S8 modelində quraşdırılacaq mühərrikin hasilatı bir qədər azaldılaraq 530 at qüvvəsi təşkil edəcəkdir. Audi S8 modeli 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənəcəkdir.
Digər məlumata görə, Audi S8 plus modifikasiyası Porsche mütəxəssislərinin hazırladığı və Porsche Panamera Turbo S e-Hybrid modelində quraşdırılan hibrid güc qurğusuna sahib olacaqdır. Çox güman ki, bu qurğunun da hasilatı azaldılacaqdır. Şayiələrə görə, Audi S8 plus modelinin güc qurğusu 630 at qüvvəsinə malik olmalıdır. Xatırladaq ki, bu Panamera Turbo S E-Hybrid modelində olduğundan 50 at qüvvəsi azdır.