Audi şirkəti rəsmi olaraq “qaynar” S3 sedan və hetçbekinin yeni nəslini təqdim edib. Yeni modellərin ölçüləri böyümüş, eksteryer dizaynı dəyişdirilmişdir. “Qaynar” modellər yenilənmiş mühərrik çeşidinə də sahib olublar. Audi S3 ailəsinin satışlarına oktyabr ayında başlanacaqdır.
Audi S3 Sportback və S3 Sedan modellərini altıbucaqlı Singleframe radiator barmaqlığının xüsusi formalı toru, ön bamperdəki genişlənmiş hava girişləri, diqqətçəkən arxa diffuzoru və səsboğucu sistemin dörd çıxış borusu sayəsində tanımaq olar. Audi S3 modellərinin hər bir ön fənərinə 10 pikseli iki şaquli xətlər yaradan 15 piksellik işıqdiodları quraşdırılmışdır. Əlavə ödənişlə matrisa fənərlərini sifariş etmək olar.
Əvvəlki nəsil ilə müqayisədə yeni Audi S3 modelinin ölçüləri artmışdır. Sportback modifikasiyası üç santimetr, sedan isə, öz növbəsində, dörd santimetr daha uzun olub. Artıq “qaynar” modellərin baza təchizatına ağıllı idman asqısı daxildir ki, bunun da sayəsində avtomobilin klirensi 15 millimetr azaldılmışdır.
Yeni Audi S3 modelləri standart olaraq 18-düymlük təkər diskləri ilə təklif olunur. Əlavə ödəniş ilə 19-düymlük diskləri də sifariş etmək mümkündür.
“Qaynar” modifikasiyaların salon tərtibatında alüminium, karbon və əsl dəridən istifadə edilir. İdman oturacaqlarının örtüyü təkrar emal edilmiş plastik şüşələrdən hazırlanmışdır. Audi S3 modelləri standart olaraq 10,25-düymlük virtual cihazlar paneli ilə təchiz edilir.
Bundan əlavə, yeni S3 modeli, sensorlu displeyə, Wi-Fi giriş nöqtəsinə və trafiki proqnozlaşdırma texnologiyasına sahib olan üçüncü nəsil məlumat-əyləncə kompleksini əldə edib.
Yeni modellərin digər bir xüsusiyyəti, Audi Connect açarının olmasıdır ki, bu texnologiya sayəsində avtomobilin sahibi smartfon vasitəsilə qapıların kilidini açmıb-bağlamaya, həmçinin mühərriki işə sala bilər.
Yeni Audi S3 modelləri 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik yeddi pilləli “robot” ilə təchiz edilirlər. Hər iki model 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir. S3 modelinin maksimal sürəti 250 km/saatdır.
Avropa ölkələrində yeni Audi S3 modellərinə sifarişlər artıq qəbul edilir. Dilerlər ilk avtomobilləri oktyabr ayında alacaqdırlar. Almaniyada S3 Sportback modelininin qiymətləri 46.302 avrodan başlayır. Sedan kuzovlu Audi S3 modelinin qiyməti 47,179 avrodan başlayır.
Ilkin olaraq, satışa məhdud saylı Edition one seriyasından olan modellər çıxarılacaqdırlar. S3 Sportback Edition one modeli sarı Python Yellow rənginə, S3 Sedan Edition one isə qırmızı Tango Red rənginə boyanacaqdır.