Bu gün Audi şirkəti yenilənmiş R8 superkarını təqdim edib. Artıq dörd ildir ki konveyer həyatı yaşayan model ön və arxa hissənin dəyişdirilmiş dizaynına sahib olub. Yaradıcılarının fikrincə, ön bamperdəki böyüdülmüş hava girişləri və kapotun ucundakı üç havalandırma kəsikləri keçən əsrin əfsanəvi sportkarlarından olan Audi Ur-quattro modelini xatırlatmalıdır.
Ön tərəfdəki yeniliklər barədə bu gün dərc etdiyimiz xəbərdə yazmışıq. Arxa tərəfdə olan yeniliklər isə, kuzovun eni boyu uzanan barmaqlıqdan və buraxılış sisteminin yumru formalı çıxış borularından ibarətdir. Əvvəlki modeldə bu borular kvadratşəkilli idi. Mühərrik bölümünün qapağı da dəyişibdir – bu element plastikdən və yaxud karbonplastikdən hazırlana bilər. Üstəlik, sportkar üçün üç aerodinamik kuzov dəsti təklif olunur. Yeganə dəyişməyən sportkarın interyeridir.
Audi R8 modeli əvvəlki kimi turbomühərrik ilə təklif edilmir. Mühərrik bölümündə baş vermiş ən vacib yenilik quraşdırılımış his filtridir ki, bu filtr sayəsində mühərriki sərtləşmiş ekoloji normalara uyğunlaşdırmaq mümkün olub. 5,2-litrlik atmosfer mühərriki əvvəlki kimi iki güc variantında təklif edilir. Transmissiya da dəyişilməyib: iki muftalı yeddi diapazonlu “robot” və tam çəkiş sistemi.
Standart olaraq V10 mühərriki 570 at qüvvəsi və 550 Nm hasil edir ki, bu da əlavə 30 at qüvvəsi və 10 Nm deməkdir. Yenilənmiş kupe 100 km/saata 3,4, Spyder isə 3,5 saniyəyə sürətlənir. Bu isə hər iki modifikasiyanın əvvəlkindən 0,1 saniyə yeyin olduğundan xəbər verir. Onların maksimal sürəti də 4 km/saat artaraq 324 və 322 km/saat olub.
Sportkartın top variantının adında “plus” indeksi “performance” ilə əvəz edilib. Artıq Audi R8 V10 performance 620 at qüvvəsinə (+10 at qüvvəsi) və 580 Nm-ə (+20 Nm) sahibdir. Top variantın dinamik xarakteristikalarına gəldikdə isə, kupe ilk “yüzlüyü” 3,1, Spyder isə 3,2 saniyəyə ( - 0,1 saniyə) toplayır. Maksimal sürət həddi isə, 331 və 329 km/saatdır (+ 1 km/saat).
Bütün bunlarla yanaşı, R8 modelinin asqı və sükan mexanizmi də təkmilləşdirilibdir. Bu isə onun idarələnməsinin daha da yaxşılaşacağından xəbər verir. Əlavə ödənişlə karbonplastik və alümüniumdan hazırlanmış ön stabilizatoru sifariş etmək olar - təkcə bu element çəkiyə 2 kiloqram qənaət etməyə imkan verir.
Hərəkət elektronikası yeni rejimlər dəstinə sahib olub: dry, wet və snow. Adlarından da göründüyü kimi son iki rejim yağışda və qarda istifadə etmək üçün nəzərdə tutulub. Bundan başqa, ABS və ESP sistemlərinin tənzimləmələri optimallaşdırılıbdır. Nəticədə 100 km/saatdan avtomobilin əyləc məsafəsi 1,5 metr, 200 km/saat həddindən isə beş metr azaldılıbdır.
Yenilənmiş Audi R8 superkarı Avropada gələn ilin birinci rübündən başlayaraq satılacaqdır.