Audi Q8 ailəsinin adi krossoverləri keçən ilin sentyabrında yeniləniblər. “Bərkgedən” RS Q8 top versiyasına isə, növbə yalnız indi çatıb. Lakin yeni performance versiyasının debütü sayəsində bayraqdar Audi krossoveri xarakteristikalar baxımından qohum Lamborghini Urus modelinə daha da yaxınlaşıb və yenidən Nürburqrinq rekordunu qeydə alaraq əfsanəvi trekdə ən sürətli seriya krossoverinə çevrilib.

Krossover 20,8 kilometrlik dövrəni 7 dəqiqə 36,698 saniyəyə başa vurub (əvvəlki vaxtdan demək olar ki, 6 saniyə az). Yeri gəlmişkən, krossoveri bu yaxınlarda yığcam sinifdə yeni rekordu qeydə alan zavod pilotu Frenk Stippler idarə edib. Yenilənmiş Audi RS 3 sedanı superkrossoverdən (7 dəqiqə 33,123 saniyə) daha yeyin olub.

Audi RS Q8 və RS Q8 performance

Yenilənmiş Audi RS Q8 krossoverinin ön bamperi əvvəlki “dişlərini” itirərək daha da iri hava girişlərini əldə edib. LED fənərlərin iç hissəsi və naxışı (lazer-lüminofor uzaq işıqlar ilə) baza Q8 modelinin ardınca dəyişdirilib. Arxa tərəfdə yeni diffuzor və arxa işıqları birləşdirən bəndin altında örtmə peyda olub, lakin oval formalı böyüük çıxış boruları saxlanılıb.

Standart təkər diskləri 22-düymlükdürlər, lakin əlavə ödəniş qarşılığında 23-düymlük disklər təklif olunur. RS Q8 performance versiyası isə, standart olaraq, çəkini 20 kiloqram azaldan 23-düymlük döymə təkər diskləri ilə təchiz edilir. Daha yaxşı ilişməni təmin edən 295/35 R23 ölçülü Pirelli P Zero şinləri də opsional avadanlıqdır.

Audi RS Q8

Audi RS Q8 modeli üçün qırmızı, boz və ya mavi vurğuları və tikişləri olan üç tərtibat variantı təklif edilir, sonuncusu performance versiyası üçün nəzərdə tutulub. Sükan çarxı alkantara, qapılar, dirsəkaltılar və ön panelin elementləri isə, təkrar emal edilmiş xammaldan hazırlanmış Dinamica mikrofiberilə örtülür.

Dekorativ örtüklər gümüş, tünd alüminium, tutqun karbonplastik və ya boz palıd rəngində ola bilər. Performance versiyası üçün eksklüziv qara cilalanmış alüminium dekor nəzərdə tutulub.

Audi RS Q8 performance

Kapotun altında əvvəlki 4,0-litrlik V8 biturbo mühərriki var və Audi RS Q8 modelinin versiyasında onun hasilatı dəyişməyib: 600 at qüvvəsi və 800 Nm. İlk “yüzlüyə” sürətlənmə vaxtı da əvvəlki ilə eynidir: 3,8 saniyə. Yeni RS Q8 performance versiyasının mühərrikinin hasilatı 640 at qüvvəsi və 850 Nm-ə qədər artırılıb.

İndi o, Audi brendinin yol avtomobilləri çeşidindəki ən güclü benzin modelidir. Bununla belə, Lamborghini Urus hələ də irəlidədir (666 at qüvvəsi, 850 Nm). 100 km/saat həddinə sürətlənmə 3,6 saniyə çəkir ki, bu da Urus krossoverinin müvafiq göstəricisindən 0,1 saniyə yavaşdır.

Audi RS Q8

Adaptiv pnevmatik asqı, daimi tam ötürmə və səkkiz pilləli avtomatik transmissiya ilə tam idarə olunan şassi saxlanılıb. Əvvəlki kimi, superkrossover standart olaraq 420 millimetrlik tərkibli diskləri və güclü on porşenli supportlarl olan ön və 370 millimetrlik diskləri olan arxa əyləc mexanizmləri təchiz edilir.

Performance versiyasında karbon-keramika əyləcləri var, ön əyləc diskləri 440 millimetrə qədər böyüdülüb. Hər iki modifikasiyanın maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb, lakin dynamic package plus paketini sifariş etdikdə maksimal sürət 305 km/saata çəkilir, habelə elektromexaniki stabilizatorlar və aktiv arxa differensial da quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avropada yenilənmiş Audi RS Q8 superkrossoverinə sifarişləri yaxın günlərdə qəbul edilməyə başlayacaqlar.

Almaniyada RS Q8 modelinin başlanğıc qiyməti 142 min avrodur, RS Q8 performance yeni top versiyası üçün isə, ən azı 156 min avro tələb olunur.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.