Bu il Audi şirkəti, ilk dəfə 1980-ci ildə Quattro kupesində tətbiq edilmiş quattro tam ötürmə texnologiyasının 40 illik yubileyini qeyd edir. Əlamətdar tarixi qeyd etmək üçün Audi şirkəti ikinci nəsil Audi TT RS modelinin 40 Jahre quattro adlandırılmış məhdud saylı seriyasını hazırlayıb.
Audi TT RS 40 Jahre quattro modeli Audi Sport bölməsi tərəfindən hazırlanmış 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil etdirən 2,5-litrlik beşsilindrli turbomühərriki ilə təchiz edilib. Güc aqreqatı 7-pilləli S tronic “robotu” və gücü oxlar arasında paylayan çoxdiskli muftası olan daimi tam ötürmə sistem ilə tandemdə çalışır. Yubiley seriyasından olan kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir və 280 km/saat maksimal sürət həddinə malikdir.
Audi TT RS 40 Jahre quattro modelinin kuzovu ağ Alpine rənginə boyanır və alman markasının trek modellərinə işarə edir. Kapot, çiyin xətti, dam və arxa hissəyə vurulan zolaqlar alman pilot Valter Rörlün 1987-ci ildə Pikes Peak yarışını qazandığı Audi Sport quattro S1 yarış avtomobilinə həsr edilib. Qapılar iri “quattro” yazısı olan emblemlərlə bəzədilib. Arxa yan şüşələrə isə “40 Jahre quattro” yazısı vurulub.
Aerodinamik boruda sınaqdan keçirilmiş xüsusi kuzov dəstinə karbonla tərtib edilmişhavalandırma delikləri olan kapot, ön ətək və splitterin parlaq qara əlavələri daxildir. Arxada qara rəngli antiqanad və diffüzor mövcuddur.
Qapı kartları və sükan çarxı qara alkantara ilə üzlənib, idman oturacaqları isə xüsusi buraxılışın loqotipi olan Nappa dərisi ilə üzləniblər. Dörd nəfərlik salondakı arxa oturacaqları istəyə bağlı olaraq avtomobilin çəkisini təxminən 16 kiloqrama endirən və burulma möhkəmliyini artıran çarpaz karbon qollarla əvəzlənə bilər. Transmissiyanın selektorunun üzərində nüsxənin seriya nömrəsi göstərilir - 1 ilə 40 arasında.
Audi TT RS 40 Jahre quattro yalnız Almaniyada satılacaqdır. Məhdud saylı seriyadan olan kupenin qiyməti 114.040 avro olacaqdır.