Rusiyanın Federal Sənaye Mülkiyyəti İnstitutunun açıq məlumat bazasında Aurus markasının ilk ofrouderi olan Komendant modelinin seriya versiyasının patent təsvirləri aşkar edilib. Krossoverin eksteryer təsvirləri rus premium markasının avtomobillərini yaradan və yığan FQUP NAMI tərəfindən patentləşdirilmişdir.

Patent təsvirlərindəki Komendant modelinin eksteryerinin və kuzov nisbətlərinin, Həştərxanda və İsveçdə  sınaqlar zamanı casuslar tərəfindən çəkilmiş seriyaöncəsi prototiplərə bənzədiyi görünür.

Dəbdəbəli krossoverin dizaynı Aurus markanın bütün modelləri üçün xarakterik olan korporativ dizayn üslubundadır:  ön tərəfdə nazik zolaqları olan iri radiator barmaqlığı və qalın xrom çərçivələri olan iri hava girişləri mövcuddur. Arxa hissədə isə, gözlənildiyi kimi, fərqli bamper, səsboğucu sistemin kvadrat  formalı çıxış borular və beşinci qapının üzərindəki spoyler diqqəti çəkir.

Motor.ru saytının bildirdiyinə görə, zavoddaxili EMP-4124 indeksinə malik olan Aurus Komendant "Vahid Modul Platforması" layihəsi çərçivəsində inşa ediləcəkdir. Krossoverin əsasını Senat S600 sedanın və Senat L700 limuzinin inşa edildiyi platforma təşkil edir. Markanın bütün avtomobilləri Rusiyanın KATE şirkətinin doqquz pilləli avtomatik transmissiyası, 40 at qüvvəli elektrik mühərriki və tam ötürmə sistemi ilə tandemdə çalışan 598 at qüvvəli (880 Nm) 4,4-litrlik V8 benzin mühərriki ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Sedan və krossoverin nəinki şassisi, həmçinin kuzovlarının güc strukturu da eynidir – krossover orta dirəyə qədər Senat S600 modeli ilə unifikasiya edilmişdir. Komendant modelinin klirensi 200 millimetr olacaqdır.

Aurus Komendant modelinin təqdimatı bu ay Moskvada keçirilməli olan avtosalonda baş tutmalı idi, ancaq COVID-19 pandemiyası səbəbindən təqdimat təxirə salınıb. Ötən ilin dekabr ayında Rusiyanın sənaye naziri Denis Manturov krossoverin 2022-ci ildə satış debütü edəcəyini bildirmişdi. Avtomobil Alabuqadakı Ford Sollers şirkətinin zavodunda istehsal ediləcəkdir.