Aurus Senat avtomobilinin ilk kütləvi nümayişi altı il əvvəl, Rusiya Federasiyası Prezidentinin inaqurasiya mərasimində baş tutmuşdu. İndi isə, eyni fürsətdən istifadə edən NAMI mərkəzi yenilənmiş Senat sedanını göstərib. Hələlik yalnız prezident limuzini nümayiş etdirilib, lakin bütün təkmilləşdirmələr baza sedanında da baş verib.

Restaylinq olduqca genişmiqyaslı alınıb və Aurus modelinin vizual görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirib. Yeni matrisa fənərləri, başqa bamperlər və radiator barmaqlığı, həmçinin yeni alüminium kapot peyda olub.

Təkər disklərinin dizaynına da yenidən baxılıb, LED elementləri olan daha yığcam arxa fənərlər quraşdırılıb, dövlət nömrə nişanının meydançası baqaj qapağından arxa bamperə köçürülüb.

İnteryer də irimiqyaslı dəyişikliklərə məruz qalıb: təkcə ön panel deyil, həm də sükan çarxı, mərkəzi tunel və qapı panelləri dəyişdirilib. Texniki spesifikasiyalarda xüsusi olaraq göstərilən mexaniki transmissiyadan miniatür coystikin xeyrinə imtina edilib. 

NAMI MM-System multimedia sistemi daha böyük ekrana sahib olub və ayrıca şayba-kontrollerdən məhrum edilib, ön paneldəki düymələrin sayı da azaldılıb. Cihazlar paneli üç qrafik dizayn variantına malikdir.

Oturacaqları idarə edən düymə blokları artıq qapılarda yerləşir, dairəvi müşahidə sisteminin əlavə kameraları və sürücünün yorğunluğuna nəzarət edən kamera peyda olub. Arxa kameradan alınan təsvir salon güzgüsünə quraşdırılmış ekrana ötürülür, üstəlik, gecə görmə sistemi də bəyan edilib.

 Sükan sütununun yerləşməsi optimallaşdırılıb, opsiyalar arasında qapıların elektrik ötürməsi peyda olub.

İkinci cərgədə də dəyişikliklər var. Arxa oturacaqların idarəetmə panelləri də qapılarda yerləşir, mərkəzi qutuda isə, stasionar pultdan başqa, multimedia sisteminin çıxarıla bilən planşeti də var. Daxili işıqlandırmanın və akustik sistemin konfiqurasiyası dəyişdirilib, salondakı səs-küy səviyyəsi azaldılıb.

Texniki təkmilləşdirmələrə gəlincə, istehsalçı belə bir ifadədən istifadə edib: “Əyləc sisteminin, asqının, yanacağın verilməsi sisteminin və avtomatik transmissiyanın səmərəliliyini artırmaq üçün konstruktiv dəyişiklikləri edilib”.

Xatırladaq ki, Aurus Senat hibrid güc qurğusuna malikdir. Birbaşa püskürtməli və iki turbokompressorlu 4,4-litrlik V8 benzin mühərriki 598 at qüvvəsi və 880 Nm hasil edir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

KATE firmasının doqquz pilləli avtomatik transmissiyasına isə, 63 at qüvvəli sinxron elektrik mühərriki (nominal hasilat - 38 at qüvvəsi) quraşdırılıb. Tam ötürməli transmissiya paylayıcı qutudakı zəncirə və ön oxu birləşdirməyə cavabdeh olan elektron idarələnən elektromaqnit muftaya malikdir.

NAMI bütün dəyişikliklərin planlı şəkildə Aurus seriya avtomobillərində tətbiq ediləcəyini bildirir. İlkin məlumata görə, restaylinq edilmiş Aurus Senat sedanları yalnız 2025-ci ildə satışa çıxmalıdırlar. Qeyd etmək gərəkdir ki, 2020-ci ildə yeddi, 2021-ci ildə - 22, 2022-ci ildə - 30, 2023-cü ildə isə, 65 Senat sedanı Rusiyanın yol polisində qeydiyyatdan keçib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.