Automobili Pininfarina şirkəti Battista elektrik hiperkarının növbəti tizerini dərc edib. Carrozzeria Pininfarina kuzov atelyesinin banisi Covanni Battistanın şərəfinə adlandırılmış hiperkar martın əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda debüt edəcəkdir. Tirajı 150 nüsxədən ibarət olan hiperkarın istehsalı 2020-ci ildə başlanacaqdır.
Automobili Pininfarina yeni hiperkarın İtaliyada mövcud olan “ən yeyin və güclü avtomobilin” olduğunu bildirib. Şirkətin texniki tərəfdaşı Xorvatiyanın Rimac şirkəti olacaqdır. İstehsalçının bildirdiyinə görə, Pininfarina Battista 1900 at qüvvəsi və 2300 Nm fırlanma anı hasil edən elektrik güc qurğusuna sahib olacaqdır. Hiperkar 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcək və 402 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır. Onun yürüş ehtiyatı 483 kilometr olmalıdır.