Avatr markasının 12 indeksli elektrik hetçbeki ilin sonuna qədər Çin bazarında satılmağa başlayacaq. Bundan başqa, Çin brendi gələn il beynəlxalq arenaya çıxmağı planlaşdırır. Yenilik Avropa xəttinin ilk nümayəndəsinə çevrilə bilər. O, Huawei avtopilotu da daxil olmaqla, qabaqcıl elektronika ilə təchiz olunub və iki versiyada təklif ediləcək: arxa və tam ötürməli.
2018-ci ildə Changan, Huawei və CATL tərəfindən təsis edilmiş Avatr brendinin ikinci modeli firma CHN modul platformasına əsaslanır. Elektrik hetçbeki Avatr 11 krossoverinin üslubunda dizaynı və bir sıra maraqlı dizayn həlləri sayəsində futuristik görünüşə malikdir. Məsələn, avtomobilin arxa şüşəsi yoxdur, baqaj qapağının ucuna isə, Halo Screen adlanan ekran birləşdirilib. Bu, salamlama ismarıclarının və piktoqramların əks olunduğu matrisalı displeydir.
Avatr 12 modeli digər elektrokarlardan 2,57 kvadratmetrlik panoram dama, 35,4 düymlük geniş ekranlı 4K ekranı, Zero-Gravity ön oturacaqları və 27 dinamikli səs sistemi ilə fərqlənəcək. Bundan əlavə, elektrokarın təchizatına 64 rəngli kontur işıqlandırması və salonun üç aromatizasiya variant daxildir. Əsas tərtibat materialları - ağac və nappa dərisidir. Əlbəttə ki, hetçbekdə 29 sensordan ibarət olan Huawei avtopilotu da quraşdırılacaq.
Avatr 12 iki güc qurğusu ilə təklif ediləcək. Hər iki modifikasiya 94,5 kilovat-saatlıq batareya ilə təchiz olunacaq. Avatr 12 modelinin baza variantı arxa oxda yerləşən 313 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir. Huawei ötürməsinə malik olan ikimühərrikli versiya isə, 578 at qüvvəsinə malikdir. Bəyan edilmiş yürüş ehtiyatı 650-700 kilometr arasındadır. Yeni hetçbekin Çindəki satışlarına cari ilin sonuna qədər başlanmalıdır. 2024-cü ildə isə, Avatr Technology şirkəti beynəlxalq bazara çıxmağı planlaşdırır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.