Bu günlərdə Qarabağda dastan yazan Azərbaycan Ordusu bütün dünyanın diqqətini öz üzərinə çəkib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda aparılan Vətən Savaşında şanlı ordumuz hərb tarixinə düşəcək yeni döyüş taktikasından istifadə edir. Şübhəsiz ki, biz azərbaycanlıların Vətən Müharibəsi adlandırdığı bu savaş “Dron Müharibəsi” kimi də yadda qalacaqdır.
ABŞ və Rusiya kimi supergüclərin hərbiçilərinin heyrətinə səbəb olan yeni döyüş taktikası artıq adı çəkilən ölkələrin baş qərərgahları tərəfindən çox diqqətlə öyrənilməkdədir. Qeyd etmək lazımdır ki, Silahlı İnsansız Hava Aparatları (SİHA) artıq döyüşlərdə zirehli texnikanın əhəmiyyətini itirdiyini nümayiş etdirib - bir SİHA qiyməti 4-5 milyon dollar olan bir və ya bir neçə tankı asanlıqla məhv etmək iqtidarındadır. Üstəlik, Qarabağda aparılan döyüşlər zamanı SİHA-lar düşmənin canlı qüvvəsini və döyüş texnikasını kütləvi şəkildə sıradan çıxarmağa müvəffəq olublar.
Ən maraqlısı odur ki, SİHA-lar onlara qarşı mübarizə aparmalı olan Hava Hücumundan Müdafiə sistemlərini də uğurla məhv etməyə qadir olduqlarını nümayiş etdiriblər. SİHA-lar sayəsində Azərbaycan Silahlı Qüvvələri səmada tam üstünlüyə malikdirlər. Məsələn, dronlarımız Ermənistana məxsus olan və qiyməti 100 milyon dollarlarla ölçülən S-300 “Favorit” Zenit-raket komplekslərini (ZRK) məhv ediblər. Hətta, rus mətbuatının bildirdiyinə görə dronlarımızın məhv etdiyi hədəflərdən biri də “İskəndər” Əməliyyat-taktiki raket kompleksi (ƏTRK) olub. Odur ki, superdövlətlərin hərbiçiləri HHM sistemlərinin təkmilləşdirilməsi üzərində düşünməyə başlayıblar.
Azərbaycan Ordusunun arsenalında olan İsrail istehsalı Harop və Hermes SİHA-ları ilə yanaşı, qardaş Türkiyənin Baykar Makina şirkətinin istehsalı olan Bayraktar TB2 zərbə SİHA-ları da yer alır. Bu SİHA haqqında artıq məlumat vermişik. Bu gün isə, digər bir dron barədə - Akıncı SİHA-sı barədə məlumat vermək istəyirik. Bu zərbə dronu 2020-ci ilin sonunda Türkiyə Silahlı Qüvvələrinin (TSK) istifadəsinə verilməlidir. Böyük ehtimalla, TSK-dən sonra Akncı SİHA-sını alan ilk silahlı qüvvələr Azərbaycanın Milli Ordusu olacaqdır.
Akıncı SİHA-sı TB2 modelindən daha iri olan uzun mənzilli zərbə dronudur. Akıncı modelinin qanadlarının genişliyi 20,6 metr təşkil edir. Aparatın ilk şəkli kütləvi informasiya vasitələrində 2018-ci ilin iyununda dərc edilib. Bayraktar Akıncı Ukrayna istehsalı olan turbopərli Aİ-450S mühərrikləri ilə təchiz edilir. SİHA-nın ilk uçuşu 2019-cu ilin avqust ayında baş tutub. Mühərriklərin sınaqları isə 2019-cu ilin sentyabrında başa çatıb.
Zavod sınaqlarının başa çatmasından sonra, dron sınaqdan keçirilməsi üçün Türkiyə Hərbi Hava Qüvvələrinə verilib. Avtomatik yürüyüşdən və qalxışdan sonra Akıncı SİHA-sı 6 dekabr 2019-cu ildə ilk uçuşunu həyata keçirib. 16 dəqiqəlik uçuşdan sonra Akıncı uğurlu enişi həyata keçirib. Bu prototip Ukraynanın Ivçenko-Proqress şirkətinin iki AI-450C mühərriki ilə təchiz edilmişdi.
Bayraktar Akıncı TİHA-sının yükgötürmə qabiliyyəti 1.350 kiloqram təşkil edir. Onlardan 450 kiloqramı aparatın daxilində, 900 kiloqramı isə xarici asma nöqtələrində yerləşdirilir. Müqayisə üçün, TB2 modelinin yükgötürmə qabiliyyəti 55 kiloqram təşkil edir. Dron hər birinin gücü 450 və ya 750 at qüvvəsi olan iki turbopərli mühərrik ilə təchiz edilə bilər. Akıncının maksimal uçuş çəkisi 5,5 ton təşkil edir. SİHA-nın səmada qalma müddəti 24 saatdır. Onun praktiki tavanı 12.192 metr təşkil edir. Bayraktar Akıncı milli AESA radarı və Aselsan şirkətinin istehsalı olan nişanlama sistemi ilə təchiz edilir.
SİHA altı əsəs asma nöqtəsinə malikdir. Bu nöqtələrdə Türkiyə istehsalı olan MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82 və KGK MK-82, MK-83, Gökdoğan, Bozdoğan, SOM-A kimi sursat, raket və bombalar asmaq olar. Ən maraqlısı odur ki, bu raketlərin arasında tank əleyhinə raketlərlə yanaşı “hava-hava” tipli raketlər də mövcuddur - demək Akıncı hava hədəflərini də vura bilər. Əlbəttə ki, Akıncıdan bombardımançı kimi də istifadə etmək mümkün olacaqdır.
Taktiki-texniki xüsusiyyətləri:
- Uzunluğu : 12,5 m,
- Qanad genişliyi: 20,6 m,
- Hündürlüyü: 4,1 m,
- Maksimal qalxış çəkisi: 5.500 kq,
- Maksimal tavanı: 12.192 m,
- Faydalı yükgötürmə qabiliyyəti: 1.350 kq,
- Daxili: 450 kq,
- Xarici: 900 kq,
- Maksimal sürəti: 360 km/saat
- Kreyser sürəti: 240 km/saat
- Avtonomluğu: 24 saat.