ABŞ-ın Federal Aviasiya İdarəsi (FAA) 737 Max-lar üçün ilyarımdır ki, tətbiq edilən qadağanı aradan qaldırıb. 2018-ci ilin payızında və ötən ilin yazında 2 ölümcül qəzaya səbəb olan bu model yerə endirilmiş və uçuşlarına qadağa qoyulmuşdu. O dövrdən bəri davam edən araşdırmalar, yenilənmələr və testlər nəhayət ki, başa çatıb.
FAA rəhbəri Stefen Dikson dünən bir vaxtlar dünyada ən çox satılan model üzərindəki qadağanın aradan qaldırılması ilə bağlı əmri imzalayıb. Bu barədə qurum tərəfindən rəsmi məlumat verilib. Eyni addımın yaxın günlərdə avropalı idarəedicilər tərəfindən də atılacağı gözlənilir.
Sözügedən qərardan dərhal sonra Boeing-in səhmləri 6,88% bahalaşıb. Dikson məsələ ilə bağlı bunları deyib: "Bizi bura qədər gətirən yol uzun və yorucu idi. Əvvəldən də hər şeyi düzgün şəkildə yerinə yetirmək üçün vaxta ehtiyac olduğunu bildirmişdik. Mən artıq ailəmin bu təyyarələr ilə uçmasına 100% razıyam və narahat deyiləm".
Artıq bu təyyarələrə sahib olan şirkətlərdən də xəbərlər gəlməkdədir. Təyyarə parkında 24 ədəd MAX olan American Airlines dekabrdan etibarən bu modeldən istifadə edəcəyini açıqlayıb. Şirkətin Max-ları əvvəlcə Mayami və Nyu York arasında gündə iki reys həyata keçirəcəklər.