Bu gün, Kanadanın məşhur Bombardier şirkətinin Aerospace aviasiya bölməsinin yaratdığı dünyanın ən böyük biznes cetlərində biri olan Global 7500 modeli haqqında söhbət açacağıq. Bombardier Aerospace bölməsinin yeni məhsulu nəinki dünyanın ən böyük biznes təyyarəsidir, o həm də ən uzunmənzilli biznes cetidir - Global 7500 layneri 14.260 kilometrlik uçuş məsafəsinə malikdir. Təyyarə Nyu Yorkdan Honkonqa və ya San Fransiskodan Sinqapura qədər məsafəni dayanmadan qət etmək iqtidarındadır.
Bombardier Global 7500
Bombardier şirkəti üçün "təyyarə" sözünün dərin mənası var: kanadalılar bu sözü həm məhsul, həm də proses kimi xarakterizə edirlər. Bu termin təkcə aviasiyaya aid deyil, o, eyni zamanda, kanadalı istehsalçının yaradıcılıq arzusunun nümayişidir. 50 ildən çoxdur ki, Bombardier şirkətinin istehsal etsiyi özəl biznes təyyarələri qabaqcıllığı və keyfiyyət ilə seçilirlər. Təyyarənin yaradılması ilə məşğul olan məşhur mühəndislər, dizaynerlər, sənətkarların bir məqsədi var - dəbdəbəni yeni səviyyəyə qaldırmaq.
Beləliklə, müstəsna dizaynı olan Bombardier Global 7500 cetinin inşasına 2010-cu ildə başlanıb, 2016-cı ildə isə təyyarə ilk dəfə səmaya qalxıb.
Mühəndislik nailiyyətləri arasında təyyarələrin ağırlığını azaltmaq üçün xüsusi olaraq hazırlanmış qanad vardır.
Biznes təyyarələrinin yardılması və istehsalı bir neçə komanda arasında qlobal əməkdaşlığı tələb edir. Bir qayda olaraq, ilkin mərhələlərdə mühəndislər yeni təyyarə modelinin yaradılması ilə məşğul olurlar, sonra isə sənaye dizaynerləri prosesə qoşulrlar. Global 7500 modelini yaradarkən, texniki və struktur tələblərinin standartlara uyğunluğu təmin etmək üçün, bu komandalar ilk anlardan əməkdaşlığa başlayıblar. Kokpitin və salonun tərtibatını hazırlayan zaman, dizaynerlər dəbdəbəli avtomobillərin və butik otellərinin dizaynından ilham alıblar.
Bombardier Global 7500. Salon
Global 7500 modelinin kokpitindəki Bombardier Vision cihaz avadanlığı işgüzar aviasiyada ilk əsl kombinə edilmiş görmə CVS (Combinated Visual System) sistemini təmsil edir - bu sistem yaxşılaşdırmış və sintetik təsvirləri bir görüntüdə tam birləşdirməyə imkan verən yeganə sistemdir. Təyyarənin kokpiti dörd 15-düymlük LCD monitoru, təkmilləşdirilmiş üçüncü nəsil görmə EVS (Enhanced Vision System) sistemi, baş ekranı və süni görmə SVS (Syntetic Visual System) sistemi daxil olan Rockwell Collins Pro Line Fusion avionika sistemi ilə təchiz edilmişdir. Ayrıca təyyarədə avtomatik texniki xidmət və diaqnostika sistemi quraşdırılmışdır.
Bombardier Global 7500. Qonaq otağı
Global 7500 təyyarəsi "səma mənzili" kimi düşünülmüşdür, buna görə də, bütün biznes təyyarələri arasında dörd sərnişin sahəsi və heyətin dincəlməsi üçün bölmə olan yeganə təyyarə statusuna sahibdir. Təyyarədə həm əsas ehtiyacları, həm də uçuş zamanı rahatlığı təmin edən xüsusi cihazlar quraşdırılmışdır.
Laynerdə yataq otağı, konfrans otağı və ya qonaq otağı, İnternetə malik olan iş otaqları, tam təchiz olunmuş mətbəx və duş kabinəsi mövcuddur. Rəvan transformasiya sisteminə malik olan Nuage Seat sərnişin oturacaqları istənilən vəziyyətdə rahatlığı təmin edirlər.
Bombardier Global 7500. Əyləncə zonası
Salon isti çalarlarda tərtibata malikdir. Böyüdülmüş illüminatorlar sayəsində salon təbii işıqla dolur. Qaranlıq vaxtlarda isə gecə işıqlandırması işə düşür. Salonda quraşdırılmış Nice Touch sistemindən istifadə edərək havanın temperaturunu və daxili işıqlandırmanın parlaqlığını, həmçinin dinamiklərin səsini tənzimləmək mümkündür. OLED displeylərlə təchiz edilmiş qurğular oturacaqların yanındakı korpusa quraşdırılmışdir. Onları planşet və ya smartfondan idarə etmək olar.
Bombardier Global 7500. Yataq otağı
Bombardier Global 7500 ceti 982 km/saatlıq (0,925 Max) kreyser sürətinə, 15.545 metrlik maksimal uçuş hündürlüyünə və 19 nəfəri qəbul edə biləcək salona malikdir. Artıq qeyd etdiyimiz kimi, təyyarənin uçuş mənzili 14.260 kilometrdir.
İstehsalçının bildirdiyinə görə, Global 7500 təyyarəsinin yerdən qalxması üçün çox qısa - 1770 metrlik uçuş zolağı kifayət edir. Təyyarə 85 tonluq dartma qüvvəsinə malik olan iki GE Passport mühərriki ilə təchiz edilmişdir. Bombardier Global 7500 cetinin təxmini qiyməti 72,8 milyon dollar təşkil edir.