ABŞ-ın hərbi sənaye kompleksinin yaratdığı qəribə görünüşlü təyyarə təkcə B-2 Spirit bombardımançısı deyil. Buna misal kimi, Lockheed Martin korporasiyasının "Ruhdan" öncə yaratdığı əcaib görünüşlü başqa bir təyyarəni göstərmək olar - F-117 Nighthawk. "Gecə Qırğısı" təyyarədən daha çox kubizm muzeyindən oğurlanmış eksponatı xatırladır.
Bu uçan aparat bir çox cəhətdən diqqətəlayiqdir; F-117 Nighthawk, görünməzlik texnologiyalardan istifadə edilərək yaradılan ilk seriya döyüş təyyarəsidir. Başqa sözlə, Nighthawk düşmən radarları üçün o qədər aşağı görünmə səviyyəsinə malik idi ki, onu tez-tez "görünməz təyyarə" adlandırırdılar. Amma, bu ad daha çox mətbuat üçündür. Amerikalı pilotlar (xüsusən bu təyyarədə uçanlar) Lockheed F-117 Nighthawk modelinə tamamilə fərqli bir ad vermişdilər: Wobblin’Goblin. Bu ad sözün əsl mənasında "Topal Qoblin" kimi tərcümə edilə bilər. Bu xoş olmayan ləqəb, pilotların F-117 Nighthawk təyyarəsinin uçuş xüsusiyyətlərinə olan münasibətini açıq şəkildə əks etdirir.
Lockheed F-117 Nighthawk, tək oturacaqlı hücum təyyarəsidir, düşmənin cəbhəsinin arxasına keçərək, istənilən vaxt və istənilən hava şəraitində raket və bomba zərbələri endirmək üçün hazırlanmışdır. Yaradıcılarının fikrincə, "stels" texnologiyası düşmənin havadan müdafiə sistemlərini aldatmalı idi. "Gecə Qırğısı" düşmənin vacib hədəflərinə zərbələr endirmək üçün nəzərdə tutulmuşdu: qərargah, hava limanları, rabitə mərkəzləri və hava hücumundan müdafiə vasitələri.
F-117 Nighthawk bir neçə qarşıdurmada iştirak etməyə imkan tapıb. Ümumilikdə, 64 təyyarə buraxlıb və onların hər birinin dəyəri 100 milyon dollardan çoxdur.
Qeyd etmək gərəkdir ki, "stels" texnologiyanın məhz bu təyyarədə sınaqdan keçirilb, xüsusilə də, bu texnologiyanın kütləvi istehsalı baxımından. Bəlkə də bu səbəbdən təyyarı belə əcaib alınıb.
Yaradılma tarixi
F-117 Nighthawk-ın tarixini izah etməzdən əvvəl, bu təyyarənin təyinatı haqqında bir neçə söz söyləmək gərəkdir. ABŞ hərbi aviasiyasında "F" hərfi qırıcılar və ya onların prototiplərini işarələmək üçün istifadə olunur. Bombardımançılar isə, artıq bildiyiniz kimi, "B" hərfi ilə işarələnirlər. Aerodinamik xüsusiyyətlərinə görə qırıcılardan çox uzaq olan "Gecə Qırığsının" bu qısaltmanı necə aldığı bilinmir.
F-117, taktiki bombardmançı və ya hücum təyyarəsi kimi istifadə edilmək üçün hazırlanmış həmlə təyyarəsidir. F-117 haqqında "stels-qırıcı" yazan müəlliflər mövzudan çox uzaqdırlar və ya bu maşını yaxşı tanımırlar.
Stealth texnologiyalarının yaradılmasına sövq edən səbəblər haqqında B-2 Spirit baradə məqalədə danışmışıq. Qeyd edək ki, təyyarələrin radarlar üçün görünməz olması, ən prspektiv istiqamətlərdən biri sayılır.
F-117 Nighthawk ikinci nəsl "görünməz təyyarə" adlandırıla bilər. Bu nəslin birinci nümayəndəsi, Soyuq Müharibə dövrünün məşhur strateji kəşfiyyatçısı olmuş SR-71 təyyarəsidir. Bu təyyarə görünməzliyi təmin etmək məqsədilə ən yüksək sürətlərdə istismar olundu, nəticədə onun gövdəsi bir neçə yüz dərəcəyə qədər isinirdi. Buna görə də, təyyarənin yüksək görünməzliyinə nail olmaq mümkün deyildi. Lakin, konstruktorlar zamanına görə olduqca yaxşı nəticələr əldə etmişdilər.
1977-ci ildə ABŞ Müdafiə Naziliyində Xcom adlı komitə yaradıldı. Bu komitənin əsas vəzifəsi görünməzlik texnologiyasının praktiki tətbiqi idi. Bu istiqamətdə üç proqramın başladılmasına icazə verildi: Senior Prom (görünməz qanadlı raketinin hazırlanması), ATB (gələcəkdə bu B-2 strateji bombardmançısının yaranmasına səbəb olacaqdı) və F-117 Nighthawk-ın yaranmasına səbəb olan Senior Trend.
Yeni təyyarənin yaradılması Lockheed Martin şirkətinə həvalə edilmişdi. Üçrəqəmli nömrə məxfi təyyarələrə verilirdi, buna görə də, layihə üzərindəki bütün işlər böyük məxfilik şəraitində aparılırdı. İstehsalçı ilə müqavilə 16 noyabr 1978-ci ildə imzalandı. Pentaqon, şirkət mühəndislərinin qarşısında təyyarəni aşkar edən bütün xüsusiyyətlərini azaltmaq tapşırığı qoymuşdu. Sifarişçini təkcə radarlara görünməzlik deyil, həmçinin təyyarənin istilik radiasiyasının və səs-küy səviyyəsinin azaldılması, maşının özünün istənilən şüalanmasının və inversiya izlərinin aradan qaldırılması maraqlandırırdı.
Lockheed Martin şirkəti çox qısa bir müddətdə qarşısına qoyulmuş tapşırığı yerinə yetirdi və səkkiz aydan sonra, 1981-ci ildə sınaq üçün təqdim edilən ilk prototipin inşası başladı.
Təbii ki, təyyarənin radarlar üçün görünmə qabiliyyətini azaltmaq istəyi F-117-nin formasında ciddi dəyişikliklərə səbəb olmuşdu, bu isə, öz növbəsində, təyyarənin uçuş xüsusiyyətlərinin pisləşməsinə gətirib çıxarmışdı.
Rəvayətə görə, gələcək təyyarənin arzuolunan formasının nümayişi Lockheed Martin şirkətinin aerodinamika üzrə aparıcı mütəxəssisi Dik Kantreli şoka salmışdı. Şokdan sonra özünə gələn konstruktor, şöbəsinin təyyarənin yaradılmasında əsas rol oynamayacağını anlamışdı və işçilərinə yeganə tapşırıq vermişdi: elə edin ki, "Topal Qoblin" heç olmasa hər hansı bir şəkildə havaya qalxsın.
İlk sınaqlar müxtəlif uçuş rejimlərində F-117-nin həddindən artıq qeyri-sabit olduğunu göstərdi. Təyyarənin, yaradıcıları üçün hazırladığı digər xoşagəlməz sürprizlər də oldu. Onlar təyyarənin hava girişlərini ciddi şəkildə təkmilləşdirmək, yanacaq çənlərinin konstruksiyasını dəyişdirmək və onun idarəetmə sistemini yenidən işləmək məcburiyyətində qaldılar.
"Stels" texnologiyalardan istifadə təyyarənin manevr qabiliyyətinə ciddi zərbə vurmuşdu. F-117-də çəkinin gücə nisbəti olduqca yaxşı idi, lakin onun manevr qabiliyyəti və sürəti arzu olunan şəviyyədə deyildi. Təyyarənin idarəetmə sisteminə daxil edilmiş məhdudiyyətlər sadəcə bəzi manevrlərin icrasına mane olurdu. Bundan əlavə, Nighthawk çox məhdud uçuş diapazonuna və yaramaz uçuş və eniş xüsusiyyətlərinə malik idi. Ümumiyyətlə, onun Hollivud blokbuslarında rəqiblərini asanlıqla məğlub edən "gözəgörünməz qırıcılarla" ilə heç bir oxşarlığı yox idi.
F-117 Nighthawk-ın istismarına 1983-cü ildə başlandı və bu təyyarə yüksək dərəcədə məxfiliyə malik idi. Təyyarənin mövcud olmasını ABŞ hərbiçiləri yalnız 1988-ci ildə etiraf etdilər. Onun ilk kütləvi nümayişi 1990-cı ildə baş tutdu və bir il sonra F-117 Nighthawk Parisdəki aviasalonda göstərildi.
Yeni təyyarənin idarə edilməsi üçün, ən aşağısı 1000 saat uçuş təcrübəsinə malik olan peşəkar pilotlar seçilirdi, lakin bu təyyarəni fəlakətlərdən xilas edə bilmədi. Proqram yüksək səviyyədə məxfi olduğu üçün onlar haqqında məlumat azdır. Əldə edilən məlumata görə, "Gecə Qırğısının" ilk qəzası 1982-ci ildə, onun istismara verilməsindən əvvəl baş vermişdi. Sonradan daha bir neçə qəzanın baş verdiyi də söylənilir.
İlk zamanlarda F-117 Nighthawk həqiqətən qorxulu bir silah idi. SSRİ və Çinin radarları onu aşkar edə bilmirdilər. "Stelsi" hətta qırıcılar da "görmə" bilmirdilər. Ancaq, vəziyyət çox tez dəyişdi: radar texnologiyalarının sürətli inkişafı və digər aşkaretmə texnologiyaları meydana çıxdı. Beləliklə, çox keçmədən F-117 yalnız nisbətən görünməyən bir təyyarəyə çevrildi, onun konstruksiyasındakı qüsurlar da, əlbəttə ki, aradan qaldırılmadı.
Konstruksiyası
F-117 Nighthawk "uçan qanad" sxeminə əsasən yaradılıb və V-şəkilli quyruq dayağına malikdir. Təyyarənin konstruksiyası "stels" texnologiyalardan istifadə edilməklə hazırlanıb, bunu onun formasına və konstruksiyasında istifadə olunan materiallara da aid etmək olar.
Qanad geniş oxşəkilli formaya (67,3 °) malikdir, füzelyaj rəvan hamar panellərdən hazırlanıb və onların birləşmə bucağı radar siqnalını fərqli istiqamətlərdə əks etdirəcək şəkildə hesablanıb. Füzelajın bu formasına faset deyilir və məhz bu forma təyyarələrin görünmə qabiliyyətini 90% azaldır. Eyni prinsip, pilot kabinəsinin fənərinə də şamil olunub. Fənər qızıl tərkibli xüsusi material ilə örtülübdür. Belə örtük kabindaxili avadanlıqlarının və pilotun təchizatının şüalanması riskini aradan qaldırır. Məsələn, pilotun dəbilqəsi bütön təyyarəyə nisbətən radar ekranında daha güclü əks oluna bilər.
Şassi - üçdayaqlıdır. Ön və arxa dayaqların hər biri bir təkərə malikdir. Təyyarə eniş qarmağı və əyləc paraşütü ilə təchiz edilmişdir.
Füzelyajın hər iki tərəfində, qanadların üstündə hava girişləri vardır. Yuvaların və birləşmələrin bütün konturları elektromaqnit dalğalarını səpən mişarşəkilli kənarlara malikdirlər. Xarici asqı yoxdur, bütün silahlar daxili hissələrdə yerləşir. Mühərriklərin düz formalı çıxış boruları, təyyarənin infraqırmızı diapazonda görünmə qabiliyyətini əhəmiyyətli dərəcədə azaldan xüsusi istilikudan plitələr ilə ekranlanıblar.
Təyyarənin səthində yerləşən bütün antenlər və digər ötürücü qurğular korpusa yığışdırıla bilər. F-117 Nighthawk-ın konstruksiyasında radar siqnallarını udan kompozit materiallardan və örtüklərdən aktiv şəkildə istifadə edilmişdir. Korpus, üzərinə divar kağızı kimi yapışdırılan, bir neçə növ material ilə örtülmüşdür. Təyyarə qara ferromaqnit boya ilə rənglənir ki, bu boya təlcə radio dalğalarını udmur, həm də istiliyi mükəmməl şəkildə səpələyir.
Yuxarıda göstərilən konstruktiv xüsusiyyətləri sayəsində F-117 daha kiçik effektiv səpələnmə sahəsinə (EPR) malikdir. EPR göstərisi 0,1-0,01 m2-dir. Bu, oxşar ölçülü adi təyyarənin EPR-dən bir neçə yüz dəfə azdır. Beləliklə, yerüstü və ya qırıcı radarlardan istifadə edərək bu təyyarənin aşkarlamaq çox çətindir.
Lakin, düşmən qırıcısı F-117 Nighthawk təyyarəsini aşkar edərsə, sonuncunun praktik olaraq sağ qalmaq şansı olmayacaqdır. Çünki, "Gecə Qırğısı" radarlara malik deyil, aşkarlanma riskini azaltmaq üçün onun təchiz edildiyi bütün naviqasiya və hədəfalma sistemləri passivdir. Onun aktiv radio-elektron mübarizə sistemləri də yoxdur. Naviqasiya üçün peyk və inersial sistemlərindən istifadə olunur. Hədəfalma sistemləri infraqırmızı kameralar və hədəfin lazer işıqlandırması ilə təmsil olunurlar ki, onlar da son dərəcə qısa müddətə işə düşür.
F-117 Nighthawk, hər birinin 4.900 kiloqram dartma qüvvəsi olan iki General Electric F-404-GE-F1D2 turboreaktiv mühərriki ilə təchiz edilmişdir.
F-117 Nighthawk raket və bomba silahları daşıyır, nüvə sursatlarından da istifadə edə bilər. Təyyarə üçün tipik silahlar GBU-10 və ya GBU-27 bombaları, AGM-88 HARM, AGM-65 "Maverick" raketləridir.
"Gecə Qırğısı" - dar çərçivəli təyinata malik olan təyyarədir və gecə vaxtı vacib olan düşmən hədəflərinə zərbələr endirmək üçün hazırlanmışdır. Təyyarənin götürə biləcəyi bütün silahlar idarə olunandırlar. Onlar çox yüksək dəqiqliyi (± 0,1 m) ilə seçilirlər.
F-117 hücum təyyarəsi sapmalar və tamqaj üzrə çox qeyri-sabitdir, buna görə pilotun təhlükəli manevrlər etməsinə mane olan xüsusi idarəetmə sistemi tətbiq edilmişdir.
Döyüş tətbiqi
Təyyarə 1983-cü ildən 2008-ci ilə qədər istismar edilib, bir neçə regional qarşıdurmalarda tətbiq edilib. Əməliyyatlar zamanı yeddi təyyarə itirlib ki, bunlardan yalnız biri düşmənin zenit atəşi ilə vurulub. Qalanları pilotların günahı və ya texniki nasazlıqlar nəticəsində baş verən qəzalarda məhv ediliblər.
F-117 Nighthawk-dan ilk dəfə 1989-cu ildə ABŞ-ın Panamaya girməsi zamanı istifadə olunub. Bu təyyarələrdən kütləvi şəkildə isə, 1991-ci ildə "Çöl Fırtınası" əməliyyatı zamanı istifadə edilib. Bu münaqişə zamanı F-117-lər çox yüksək effektivlik nümayiş etdiriblər: onlar bir gecədə demək olar ki, İraqın bütün Tu-22 bombardımançılarını məhv ediblər.
Amerikalıların bu təyyarədən kütləvi şəkildə istifadə etdikləri növbəti münaqişə 1999-cu ildə Yuqoslaviyadakı müharibə olub. Məhz bu müharibə zamanı "görünməyən təyyarə" vurulub. O, köhnəlmiş sovet zenit kompleksi S-125 ilə silahlanmış serb zenit batareyası tərəfindən məhv edilib. Serblər başqa bir və ya iki təyyarənin məhv edildiyini iddia etsələr də, bu məlumatlar olduqca mübahisəli xarakter daşıyır.
F-117-nin cəlb olunduğu son vacib münaqişə 2003-cü ildə ABŞ-ın keçirdiyi ikinci İraq kampaniyası olub.
Əvvəlcə bu təyyarənin 2020-ci ilə qədər istifadəsi planlaşdırılırdı, lakin F-22 Raptor və F-35 proqramlarının baha başa gəlməsi, ABŞ ordusunu F-117 təyyarəsinin istismarını daha tez dayandırmağa məcbur etdi.
Onsuz da, son onilliyin ortalarında Nighthawk mənəvi cəhətdən köhnəlmiş təyyarə idi. Təyyarə aşkarlama vasitələrinin sürətli inkişafı sayəsində o, əsas üstünlüyünü - "görünməzliyini" itirmişdi. Konstruktiv qüsurları isə, onu çox bahalı və olduqca həssas bir maşına çevirmişdi. F-117 Nighthawk-ın saxlanılmasına çəkilən xərclər də olduqca yüksək idi, odur ki, belə qərarın qəbul edilməsi təbii görünür.
F-117, amerikalılar üçün gizlilik texnologiyasından istifadənin bütün nüanslarını öyrəndikləri bir laboratoriya olub. Mübaliğəsiz bu təyyarəni unikal bir maşın adlandırmaq olar. F-117 Nighthawk öz sinfində bir ilk idi, ona görə də, onun bütün qüsurlarını bağışlamaq olar. Beşinci nəsildən olan azgörünən F-22 Raptor və F-35 qırıcıları "Gecə Qırğısı" sayəsində bu gün səmada süzürlər.
Uçuş performansı
F-117A Nighthawk modelinin üçuş-texniki xüsusiyyətləri aşağıdakılardır:
- Modifikasiya: F-117A
- Qanadların ölçüsü: 13.21 m
- Təyyarənin uzunluğu: 20.09 m
- Təyyarənin hündürlüyü: 3.78 m
- Qanad sahəsi: 73 m2
- Oxşəkillik bucağı: 67.30 dərəcə
- Çəki, kq
- boş təyyarə: 13381
- uçuş çəkisi: 23814
- yanacaq: 5500
- silah yükü: 2270
- Mühərrik: General Electric F404-GE-F1D2, 2 ədəd
- Dartma qüvvəsi: 2 x 46.70 kn
- Maksimal sürət: 1100 km/saat
- Kreyser sürəti: 993 km/saat
- Eniş sürəti: 227 m
- Məsafəsi: 1720 km
- Döyüş zonası: 860 km
- Praktiki tavan: 13716 m
- Maksimal istismar yüklənməsi: 6g
- Heyət: 1 nəfər