Airbus A3XX və Boeing 7X7... Çoxlarımız müxtəlif təyyarələrlə səyahət etmişik və bu sahə ilə az-çox maraqlananlar mindikləri modellərin adlarına diqqət yetirirlər. Eləcə də, müxtəlif internet resurslarında çox mürəkkəb adlarla qarşılaşırıq. Təyyarələrin gördüyümüz adları heç də təsadüfi rəqəm və hərflərdən formalaşmayıb. Bəs təyyarələrə bu adlar necə verilir? Gəlin iki əsas istehsalçı olan Airbus və Boeing-in istifadə etdiyi sistemlə tanış olaq.
Airbus yuxarıda da qeyd etdiyimiz kimi, modellərini A3XX formasında adlandırır. Keçən il 50 illik yubileyini qeyd edən şirkətin ilk təyyarəsi A300 adlandırılıb. Bundan sonrakı modellərə isə rəqəmi 10-10 artıraraq A310, A320, A330, A340, A350 və A380 adını verib.
Sual ortaya çıxır - nəyə görə A360 və A370 boş buraxılaraq A380 seçilib? Çünki A380 bildiyimiz kimi, dünyanın ən nəhəng - tam iki mərtəbəli sərnişin təyyarəsidir. Airbus gələcəkdə ondan daha balaca, A350-dən isə daha böyük modellər olma ehtimalını nəzərə alaraq, iki adı boş qoyub. Həm də, digər səbəb kimi, A340 şassisi üzərində yığılması və onun iki qatı böyüklüyündə olması (40-80) ehtimal edilir.
Lakin Airbus nəhəng təyyarənin adlandırılması zamanı başqa amilləri də nəzərə alıb. Bu model hələ istehsal edilməmişdən adı üzərində çox baş sındıran şirkət A370 rəqəmindən Boeing-in 7X7-nə bənzərlik təşkil edəcəyi üçün imtina edib. Üstəgəl, A380-nin gövdə kəsimi 8 rəqəminə bənzədiyi və əsas hədəf olan Asiyada 8 rəqəminin uğurlu hesab edilməsi də səbəblər arasındadır.
Bəli, A318, A319, A321 kimi modellər də var, lakin məlum olduğu kimi, bütün bunlar A320 ailəsinin üzvləridir və şirkət ölçülərinə uyğun olaraq belə adlandırmağı üstün tutub.
Lakin Airbus A3XX-a "xəyanət etməli" olub. 2017-ci ildə Bombardier-in C seriyası proqramına ortaq olan şirkət CS100 və CS300 təyyarələrinə müvafiq olaraq, A220-100 və A220-300 adını verib. Standart Airbus modellərindən ölçülərinə görə daha balaca olan bu təyyarələr üçün seçilə biləcək ən ideal variant məhz budur.
Əslində isə Airbus təyyarələrinin tam adları 3 yox, 7 işarədən ibarətdir. Yəni A3XX yox, A3XX-XXX şəklindədir. Adın ilk hissəsinin izahını vermişik, ikinci hissədəki ilk işarə modelin neçənci versiyada olmasını bildirir və versiyanın ilk rəqəmi qeyd edilir (məsələn, A320-200 modelində A320-2XX). İkinci işarə motorların hansı şirkətə aid olduğundan xəbər verir, son işarə isə motorların itələmə qüvvəsini ifadə edir (ədədin ilk rəqəmi qeyd edilir).
A330-243 adı ilə daha aydın izah edək. İlk 4 işarə bizə təyyarənin modelini bildirir. 231 rəqəmindəki ilk işarə təyyarənin A330-200 versiyasından olduğunu, 4 rəqəmi motorun Rolls-Royce-dən olduğunu (hər bir mühərrik istehsalçısına Airbus tərəfindən verilən kod var), 3 rəqəmi isə motorun itələmə qüvvəsinin 320 kN olduğunu göstərir.
Boeing modellərinin adları da əslində göründüyündən mürəkkəbdi, lakin amerikalılar adlandırılma zamanı tamamilə fərqli məqamları nəzərə alırlar. Bu barədə bir qədər sonra, indi isə məşhur 7X7-nin necə yaranmasından danışaq.
Şirkətin bu nomenklatura ilə təqdim etdiyi ilk model 707 olub. Boeing ilk vaxtlar ancaq hərbi təyyarələr istehsal edib, lakin sonradan digər sahələrə də əl atıb. Modelləri fərqləndirmək üçün xüsusi ad nizamlarından istifadə etmək lazım gəlirdi. İstehsalı davam edən təyyarələrə 300 və 400 kodları verilib. Turbin motorlu modellər 500, raketlər üçün 600 rəqəmi seçilib. Növbə sərnişin təyyarələrinə çatanda şirkət 700-ü seçib.
İlk modelin də məhz Boeing 700 adlandırılması planlaşdırılsa da, şirkətin marketoloqları bunun uğurlu fikir olmadığını, 707-nin daha cəlbedici olacağını bildiriblər. Və təbii ki, tamamilə haqlı olduqlarını indi də görürük. Şirkət növbəti təyyarələrini də məhz 7X7 qəlibi üzrə adlandırıb və rəqəm hazırda 787-ə qədər gəlib çıxıb.
İndi isə gələk adların ikinci hissəsinə. Məsələn, biz Boeing 737-83A adı ilə qarşılaşa bilərik. Adın ikinci hissəsindəki ilk rəqəm məlumdur - modelin hansı versiyada olduğunu bildirir. Növbəti iki işarə isə təyyarənin sahibi olan şirkətə Boeing tərəfindən verilmiş koddur. Bəli, Boeing-in bütün müştərilərinin sistemdə öz kodu var.
Şirkət bu müştəri kodu siyasətinə bir vaxtlar öz adı ilə qoşa anılan, aviasiya tarixinin ən məşhur şirkəti olan Pan Am ilə başlayıb. Boeing onlara 21 kodunu verib. Bunun səbəbinin isə Pan Am-ın illər əvvəl 377 modelindən 21 ədəd sifariş etməsi olduğu ehtimal edilir. Bu, Boeing-in o vaxta qədər aldığı ən böyük sifariş paketi olub.
Növbəti müştərilərə isə 22-dən 99-a qədər kodlar verilib. Şirkət əslində 5 müxtəlif kod sırasından istifadə edir və onlardan biri barədə artıq xəbər verdik. Növbəti kod sırası 01 ilə 19 arası rəqəmlər olub. 20 rəqəmi Boeing-in prototipləri üçün istifadə edilib. Sonrakı seriyalar A0 ilə Z9 arası və 0A ilə 9Z arası olub. Nəhayət, son formatda isə AA və ZZ arasındakı hərflərdən istifadə edilir.
Maraq üçün qeyd edək ki, milli aviadaşıyıcımız AZAL-ın müştəri kodu 2L-dir. Türk Hava Yolları üçün isə kod F2 olaraq təyin edilib. Yəni, AZAL-a aid 757-200 təyyarəsi əslində 757-22L adlandırılır. Və ya, THY-ın 737-800 modelinin adı əslində 737-8F2-dir.
Lakin. bəzi modellərdə adlar bir qədər müxtəlif də ola bilər. Məsələn, 777-F modelində ikinci hissədəki ilk işarə məhz F olur. 767-300ER kimi modeldə isə ikinci hissədən sonra mötərizədə ER yazılır (AZAL-a aid 767-300ER 767-32L(ER) adlanır). Eyni qayda 777-200LR üçün də tətbiq edilir.
Bundan başqa, Boeing 737-MAX, 787 Dreamliner modellərini adlandırarkən müştəri kodundan istifadə etmir. Bu, səbirsizliklə gözlənilən 777X-a da şamil olunacaq. Təyyarəyə kod Boeing tərəfindən hansı şirkətə satılıbsa, o şirkətə uyğun verilir və gələcəkdə həmin şirkət onu yenidən satsa belə, əsla dəyişdirilmir.