Bu il J150 seriyasında olan Toyota Land Cruiser Prado ofrouderinin 11 yaşı tamam olur. Azərbaycanda populyar olan ofrouder düz üç il bundan əvvəl yenilənib. Bununla belə, Prado modelinin varisi barədə heç bir məlumat verilməyib. Yeni model buraxmaq əvəzinə, şirkət mövcud olan avtomobilin yenilənməsini həyata keçirib.
Bir müddət bundan öncə daxili bazarda satılan Prado yenilənmişdi, indi isə növbə Avropa bazarında satılan versiyaya çatıb. Yaponiyada satılan model kimi, Avropa üçün nəzərdə tutulmuş Land Cruiser Prado modeli də Hilux və Fortuner modellərində quraşdırılan yenilənmiş dizel mühərrikini alıb.
2.8-litrlik dördsilindrli turbodizelin soyutma sistemi yaxşılaşdırılmış, balanslaşdırıcı val əlavə edilmiş, idarəetmə proqramı dəyişdirilmişdir. Nəticədə, dizel aqreqatının gücü 204 at qüvvəsinə, fırlanma anı isə 500 Nm-ə qədər artırılıb. Xatırladaq ki, əvvəllər mühərrikin hasilatı 177 at qüvvəsi və 450 Nm fırlanma anı təşkil edirdi.
Bundan əlavə, Avropa bazarı üçün nəzərdə tutulmuş avtomobillərin standart təchizatına start-stop sistemi daxil edilib. Bir sıra ölkələr üçün start-stop olmayan 200 at qüvvəli versiya da hazırlanmışdır. Altı pilləli avtomatik transmissiya dəyişilməyib. Təkmilləşdirlimiş mühərrik ilə Prado daha dinamik olub: modelin 100 km saat həddinə sürətlənməsinə 12,7 saniyə deyil, 9,9 saniyə gərəkdir. Maksimal sürət həddi dəyişilməz qalıb - 175 km/saat.
Bundan başqa, ofrouder təkmilləşdirilmiş avadanlıq siyahısına sahib olub. Prado modeli daha həssas sensorlu ekranı və çevik proqram təminatı olan, Apple CarPlay və Andorid Auto interfeyslərini dəstəkləyən yeni media sistemini əldə edib. Adaptiv kruiz-kontrol sistemi təkmilləşdirilib, avtomatik əyləc sistemi isə, artıq gecə saatlarında piyadaları aşkar edə bilir.
Nəhayət, Land Cruiser Prado modeli dəbdə olan Black Pack tərtibat dəsti ilə təklif olunur. Bu dəstin tərkibinə qara radiator barmaqlığı və xarici dekor, şəffaf arxa işıqlar və salonun qara rəngli tərtibatı daxildir. Şəkildəki avtomobil məhz belə dəstlə təchiz edilibdir. Təkmilləşdirilmiş Toyota Land Cruiser Prado modeli Avropa bazarında bu payızda satışa çıxarılacaqdır. Təkmilləşdirilmiş modelin Azərbaycandakı satışlarına bu ilin sonuna qədər başlanmalıdır.