Azərbaycanda Formula 1 çempionatı haqqında yeganə peşəkar internet mənbəyi olan «Formula 1 Azərbaycanda» (www.f-1.az) saytının yaydığı məlumatda, gələn il ölkəmizdə baş tutacaq Avropa Qran Prisinə hazırlığın yüksək templə davam etdiyi bildirilir. Artıq yarışın təşkilat komitəsi də Bakı küçələrində keçiriləcək yarışa bilet satışına da start verildiyini bildirib. Bu günlərdə yarışın baş tutacaq trekin konfiqurasiyası üzrə video-bələdçi də hazırlanıb.

Hermann Tilkenin əsəri olan trekin yerləşdiyi küçələr, bu küçələrdə yer alan tarixi abidələr, görməli yerlər ölkəmizə gələcək turistlər üçün də maraqlı olacaq. Videoçarxın hazırlanması Media Təqib Mərkəzinin texniki, www.F-1.az saytının informasiya dəstəyi ilə baş tutub. Videonu Formula1 yarışılarının İdmanAzərbaycan kanalındakı şərhçiləri Siyavuş Əliyev və Rəhim Əliyev səsləndiriblər...

Siyavuş Əliyev: «Bu videoçarxla biz qarşıdakı yarışa öz töhfəmizi vermək istədik. Trası qarış-qarış gəzdik, özümüzü sürücülərin və azarkeşlərin yerində hiss etdik. Məncə, pis alınmayıb və hamının xoşuna gələcək».

Rəhim Əliyev: «Əslində biz bu videonu xaricdən olan kolleqalarımız üçün, yəni xarici telekanalların aparıcıları üçün hazırlamışıq və tezliklə rus və ingilis dilinə də tərcümə edəcəyik. Qoy aparıcılar yarış zamanı bizim tarixi abidələrimiz barədə məlumatlı olsunlar və televizor qarşısındakı azarkeşləri də məlumatlandırsınlar…»