Ötən ilin sonunda Almaniya hökuməti elektromobillərin alınması üçün nəzərdə tutulan güzəştləri ləğv edib. Eyni zamanda, bir çox avtomobil istehsalçıları subsidiyaları öz vəsaitlərindən kompensasiya etmək qərarına gəliblər, lakin bu təkliflərin əksəriyyəti yalnız 2024-cü ilin aprel ayına qədər qüvvədə olub. Artıq may ayında Almaniyada elektromobillərin satışı 30,6% azalıb, yeni statistika isə, yaranan tendensiyanı təsdiqləyib.
2024-cü ilin iyul ayında Almaniya bazarında 30 762 elektromobili satılıb ki, bu da bir il əvvəlkindən 36,8% azdır. Nəticədə, elektromobillərinin bazar payı 2023-cü ildəki 20%-dən 12,9%-ə düşüb. Müqayisə üçün qeyd edək ki, benzin və dizellə işləyən avtomobillər müvafiq olaraq 0,1% və 1,4% minimal artım nümayiş etdiriblər, hibridlərin (o cümlədən təkrar doldurulanların) satışı isə 18,4% artıb.
İyulda elektromobillərin satışı 19% azalan qonşu İsveçrədə də vəziyyət oxşardır. İsveçdə azalma 15% olub. Avropalıların batareyalı avtomobillərə marağının azalmasının əsas səbəbi subsidiyaların ləğvi ilə artan qiymətlər hesab olunur. Üstəlik, Avropaya idxal olunan Çin elektromobillərinə əlavə rüsumların tətbiqi qiymətlərin aşağı düşməsinə gətirib çıxarmayacaq.
Elektromobillərə tələbatın azalması istər-istəməz bu sahəyə uzunmüddətli üstünlük verən və öz model cərgəsinin elektrikləşdirmək üçün böyük məbləğdə sərmayə qoyan avtomobil istehsalçılarına zərbə vurub. Volkswagen 2024-cü ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətinin 14% azaldığını bildirib. Bu, ilk növbədə, həm Avropada, həm də ABŞ-da elektromobillərin satışlarının 15% azalması ilə bağlıdır. Sənaye analitiklərigələn il alman qrupunun gəlirlərinin elektromobillərə tələbatın azalması səbəbindən 2,2 milyard dollar azala biləcəyini hesab edirlər.
Digər iri Avropa konsernləri (Stellantis, BMW, Renault və Mercedes-Benz) də ilin birinci yarısında xalis mənfəətində azalma qeydə alıblar. Elektromobillər üçün komponentlər istehsalçıları özlərini daha pis hiss edirlər. Valeo SE indi sifarişlərlə ciddi şəkildə yüklənməmiş iki zavoduna alıcı axtarır. OPmobility firması isə, elektromobillər üçün komponentlərin istehsal həcminin əvvəlcədən planlaşdırıldığından iki dəfə az olduğunu bildirib. Avropanın ən böyük dartma batareyaları tədarükçüsü olan LG Energy Solution hətta stasionar batareya-toplayıcıların istehsalına keçmək imkanını nəzərdən keçirir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.