“Avropada ilin avtomobili” (Car of the Year 2024) müsabiqəsinin 59 jurnalistdən ibarət münsiflər heyəti finala çıxmış yeddi avtomobilin siyahısını dərc edib. Finalçılar ən azı beş Avropa ölkəsində satılan və sınaq sürüşü üçün əlçatan olan 28 model arasından seçiliblər. Növbəti səsvermə onların arasındakı ən yaxşı avtomobili müəyyən edəcək. Qalibin adı fevral ayında keçiriləcək Cenevrə avtosalonunda açıqlanacaq.
Qələbə uğrunda mübarizə aparacaq namizədlərin siyahısına bir neçə elektromobil daxildir: Peugeot e-3008, Renault Scenic, Volvo EX30 və Kia EV9. Finalçların arasında bir Çin avtomobili - BYD Seal elektrik sedanı da var.
Xatırladaq ki, keçən ilin qısa siyahıda “çinlilər” olmayıb. Bundan əlavə, Toyota C-HR və BMW 5-Series modelləri də Avropada ilin avtomobili adı uğrunda mübarizə aparacaqlar.
Ötən il "İlin avtomobili" müsabiqəsinin qalibi amerikan avtomobili olub - Jeep ilk dəfə olaraq ən yaxşı avtomobil kimi tanınıb. Avenger elektrik krossoveri 328 xal toplayaraq Volkswagen ID.Buzz və Nissan Ariya elektrokarlarını geridə qoyub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.