Mitsubishi Eclipse modelinin təkamülü davam edir. Əvvəlcə o, 1989-cu ildən 2011-ci ilə qədər (dörd nəsil) istehsal olunan yığcam kupe olub, 2017-ci ildə isə, yığcam Eclipse Cross krossoveri buraxılıb. Krossover bir neçə yenilənmədən keçib və hələ də bir sıra bazarlar üçün istehsal olunur. İndi isə, başqa bir Mitsubishi Eclipse Cross modeli təqdim edilib – bu, Avropa üçün nəzərdə tutulmuş elektromobildir və son zamanlarda olduğu kimi, yapon “paltarını” geyinmiş Renault avtomobilidir.

Qarşımızda üzü dəyişdirilmiş 2023-cü ilin Renault Scenic E-Tech modeli dayanıb. Qeyd etmək gərəkdir ki, Scenic də Eclipse kimi vaxtı ilə krossover olmayıb. Bununla belə, dizaynerlər loqo və radiator barmaqlığı ilə məhdudlaşmayaraq, yapon markasının avtomobilinə orijinal xüsusiyyətlər verməyə çalışıblar. Məsələn, Eclipse Cross, yeni gündüz hərəkət işıqları və çıxıntılı hava yönləndiricisini olan firma Dynamic Shield üslubunda ön tərəfi əldə edib. Arxa dam dirəkləri və qapı üzlüklərinin tərtibatı dəyişdirilib, yeni bamperlər peyda olub, arxa fənərlər isə, yenidən işlənmiş LED naxışı alıblar. Beş kuzov rəng mövcuddur, bahalı versiyalar üçün qara dam olan iki rəngli boyama sxemi təklif edilir.

Ölçüləri baxımından yeni Mitsubishi Eclipse Cross fransız modelindən demək olar ki, fərqlənmir. Məsələn, iki avtomobilin uzunluğu eynidir - 4,470 millimetr. Yapon modelinin eni 4 millimetr (1860 millimetrə qədər), hündürlüyü isə, cəmi 1 millimetr (1570 millimetrə qədər) azaldılıb. Təkər bazası - 2,785 millimetr təşkil edir. Təkər disklərinin diametri 19 və ya 20 düym ola bilər. Müqayisə üçün: yaponların özlərinin hazırladığı benzin mühərrikli Eclipse Cross modelinin uzunluğu 4545 və təkər bazası 2670 millimetrdir.

Beş yerlik salonda orijinal Renault elektromobilindən fərqlər daha azdır. Sükan çarxındakı loqotipi nəzərə almasaq, bu fərqlər yalnız tərtibat detallarında özünü biruzə verir. Burada cihazlar panelinin 12,3 düymlük ekranını və mediasistemin 12 düymlük şaquli displeyini görmək olar. Klimat-kontrolun fiziki düymələri olan bloku, habelə 15 vatt gücündə simsiz şarj portu olan rəf də nəzərdə tutulub.

Digər seçimlər arasında elektroxrom panoram dam, qabaqcıl kontur işıqlandırması, 410 vattlıq Harmon/Kardon səs sistemi və MI-Pilot yarı avtonom idarəetmə sistemi var. Yeni Eclipse Cross standart olaraq adaptiv kruiz-kontrol və elektron yardımçılar dəsti ilə təchiz edilir. Baqajın həcmi 478 litrdir. Arxa oturacağı kürək hissəsi üç yerə bölünür. Onların aşağı qatlanması halında yek bölməinin həcmi 1670 litrə qədər artır.

Texniki cəhətdən Mitsubishi Eclipse Cross CMF-EV modul platformasına əsaslanan Renault Scenic E-Tech modelini təkrarlayır. Hələlik, yalnız ön oxda elektrik mühərriki (218 at qüvvəsi, 300 Nm) və 87 kilovat/saatlıq batareyası olan ən yüksək səviyyəli versiya təklif edilir. Belə elektrokrossover 0-dan 100 km/saat həddinə 8,4 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 170 km/saatdır. İddia edilən yürüş məsafəsi təxminən 600 kilometrdir. SC şarj cihazının gücü 150 kilovat, DC cihazın isə, 22 kilovatdır. Gələn il baza versiyasının debüt edəcəyi bildirilib: başlanğıc versiya çox güman ki, 60 kilovat/saatlıq batareya, habelə 170 at qüvvəsi və 280 Nm hasil edən elektrik mühərriki ilə təchiz olunacaq. Ən azından, Scenic E-TECH modelinin baza versiyası belə texniki xüsusiyyətlərə malikdir.
Mitsubishi şirkəti Eclipse Cross elektromobili ilə satış coğrafiyasını genişləndirməklə yanaşı, Avropa bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirməyə ümid edir. Eclipse Cross elektrik krossoveri orijinal modellə eyni konveyer xəttini paylaşaraq, Fransanın Due şəhərindəki Renault zavodunda istehsal olunacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.