Yığcam Ford Kuga krossoverinin üçüncü nəsli 2019-cu ildə işıq üzü görüb. Bir il yarım bundan əvvəl yenilənmiş amerikalı qardaşı Ford Escape modelindən fərqli olaraq, Kuga bu müddət ərzində ciddi dəyişikliklərə məruz qalmayıb.İndi isə, yenilənmə növbəsi Avropada satılan modelə gəlib çatıb və restaylinq əsasən okeanın o tərəfində tətbiq edilmiş reseptə uyğun olaraq həyata keçirilib: krossoverin görünüşü daha brutal, interyer isə daha müasir olub. Hətta yedəyə alınan qoşqunun çəkisi belə əhəmiyyətli dərəcədə artıb.
Ford Kuga Active
Eksteryerdəki əsas dəyişikliklər ön hissədə cəmlənib. Radiator barmaqlığı indi daha yüksəkdə yerləşir və demək olar ki, kapotun ucu ilə birləşib - onları yalnız fənərlərin arasındakı nazik işıqlanan zolaq ayrır. İşıqlandırma texnologiyasının özü də yenidən işlənib və top versiya artıq adaptiv LED fənərlər quraşdırılır.
ST-Line "idman" versiyası iri gümüş “mötərizələri” olan başqa ön bamper ilə seçilir, lakin əsas yenilik Active “ofroud” versiyasının peyda olmasıdır. O, metaldan müdafiənin imitasiyasına malik olan başqa plastik kuzov dəsti, qum və palçıq üçün əlavə Trail hərəkət rejimi, həmçinin bir qədər artırılmış (öndə +10, arxada +5 millimetr) klirensi ilə diqqət çəkir.
Ford Kuga ST-Line
Kuga modelinin interyeri yenilənmiş Ford Escape ilə tam şəkildə unifikasiya edilib, buradakı əsas yenilik isə, 13,2-düymlük mərkəzi ekrana malik olan ən son nəsil SYNC 4 multimedia sistemidir. O, əvvəlki sistemdən iki dəfə artırılmış hesablama gücü və 5G rabitə texnologiyasının dəstəklənməsi ilə fərqlənir.
Simsiz Apple CarPlay və Android Auto protokolları, həmçinin quraşdırılmış Alexa səs köməkçisi də mövcuddur. Yeni, daha böyük ekran mərkəzi konsoldakı düymələrin yuxarıdakı cərgəsini sıxışdırıb çıxarsa da, klimat-kontrolun ənənəvi bloku saxlanılıb.
Ford Kuga Active
Ford Kuga modelinin mühərrik çeşidindən dizel aqreqatları tamamilə çıxarılıb. Alterntivsiz olaraq ön ötürmə və mexaniki transmissiya ilə tandemdə çalışan 1,5-litrlik EcoBoost benzin turbomühərriki (150 at qüvvəsi, 240 Nm) baza aqreqatı olaraq qalır. İkipedallı versiyalar isə artıq tamamilə hibriddirlər.
2,5-litrlik atmosfer mühərriki, elektromexaniki variator və 1,1 kilovat/saatlıq batareyaya malik olan baza hibridi gücünü bir qədər itirib: indi tamötürməli versiya 180, önötürməli versiya 183 at qüvvəsinə malikdir. Əvvəllər hər iki halda hibrid qurğunun gücü 190 at qüvvəsi təşkil edirdi.
Ford Kuga Active
Çeşidin zirvəsində eyni benzin mühərriki və 14,4 kilovat/saatlıq batareyası olan ön ötürməli plagin hibrid qərarlaşıb. Belə hibrid daha güclü olub: indi 225 at qüvvəsinə qarşı 243 at qüvvəsi. Belə Kuga 100 km/saat həddini 7,3 saniyəyə toplamağa qadirdir, dolu batareya və sırf elektrik ötürməsi ilə 69 kilometr məsafə qət edir.
Artıq hər iki hibrid 2 100 kiloqrama qədər çəkisi olan qoşquları yedəyə ala biləcək və bu işdə onlara ağıllı naviqasiya və dairəvi müşahidə kameraları kömək edəcək. Birincisi, tıxaclardan və alçaq körpülərdən yan keçən marşrut seçəcək, ikincisi isə, sadələşdirilmiş manevr və qoşqu ilə parkinq üçün yuxarıdan görünüşü təşkil edəcək.
Yenilənmiş Ford Kuga krossoverlərinin İspaniyanın Valensiya şəhərindəki zavodda istehsalına başlanılıb. Satışlara yanvar ayının sonuna qədər start verilməlidir. Almaniyada yenilənmiş krossoverin 39 950 avrodan başlayır. Yenilənmədən əvvəlki krossover üçün ən azı 36 250 avro tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.