Kia Ceed modelinin bütün versiyaları plan üzrə yenilənmədən keçiblər. Bu modellərin arasında hibrid versiya və Proceed idman universalı da var. Yeganə istisna, baza modelindən daha sonra debüt etmiş Kia Xceed kross-hetçbekidir. Lakin bu modeli də yaxın gələcəkdə yenilənmə gözləyir. Yenilənmiş avtomobillərdə baş vermiş əsas yenilik ön hissənin dəyişdirilmiş dizaynıdır.
Belə ki, şirkət dizaynerləri radiator barmaqlığının formasını yenidən işləyiblər. Bundan başqa, yenilənmiş avtomobillər, hava girişləri xüsusi element vasitəsi ilə vizual olaraq təkər tağlarına birləşdirilmiş yeni ön bamperə sahib olublar. LED fənərlər artıq standart təchizata daxildirlər: onlar əvvəlki korpusa sahib olsalar da, yeni içalata malikdirlər. Gündüz hərəkət və dönmə işıqlarına əvvəlki dörd nöqtənin əvəzinə üç şaquli xətlər cavabdehdirlər. Təkər disklərinin (16-18 düymlük) dizaynı da dəyişdirilibdir, kuzovun rəng palitrasına isə dörd yeni çalar – bürünc, sarı, yaşıl və boz rənglər əlavə ediliblər.
GT-Line və GT təchizat səviyyəsində olan avtomobillər daha çox fərdi cəhətlərə sahib olublar. Bunlara misal kimi, bamper və kandarlardakı əlavələri göstərmək olar. Belə versiyadan olan hetçbeklər isə, özünəməxsus arxa işıqları ilə öyünə bilərlər. Arxa fənərlərin hər birində 48 işıq hüceyrəsi mövcuddur ki, onlar da çevik şəkildə qabarit , stop və dönmə işıqları rejimində çalışırlar.
İnteryerdə baş vermiş dəyişikliklər sadə xarakterə malikdirlər. Bu, ilk növbədə, bahalı modellər üçün təklif olunan virtual cihazlar panelinin, habelə 8,0 və ya 10,25 düymlük ekranlarla təklif edilən mediasistemin yeni qrafikasıdır. Quraşdırılmış Kia Connect telemetriya sistemi Ceed modelində restaylinqdən öncə peyda olub. Bundan başqa, salonun tərtibat variantlarının sayı da artırılıb – indi beş variantın əvəzinə doqquzu təklif olunur.
Drive Wise yardımçı sistemlər kompleksi də təkmilləşdirilib. Məsələn, zolağa nəzarət edən passiv sistemin əvəzinə aktiv zolaqda saxlama köməkçisi quraşdırılır. Özü də bu funksiyanı adaptiv kruz-kontroldan ayrıca aktivləşdirmək olar. Avtomatik əyləcləmə sistemi arxaya hərəkət zamanı da işə düşür, arxa görüntü kamerasını isə, irəliyə hərəkət zamanı da qoşmaq olar.
Avropadakı mühərrik çeşidində yeganə yenilik var: 120 at qüvvəli 1,0 T-GDI “turboüçlüyünü” indi təkcə mexaniki ötürmələr qutusu ilə deyil, həm də yeddi pilləli “robot” ilə də sifariş etmək olar. Lakin 100 at qüvvəli baza variantı əvvəlki kimi mexaniki transmissiya ilə təklif olunur. Dördsilindrli 160 at qüvvəli 1,5 T-GDI mühərriki Ceed modelinin mühərrik çeşidinə keçən il daxil olub və hər iki transmissiya ilə təklif edilir.
136 at qüvvəli 1,6 CRDi turbodizeli iMT mexaniki ötürmələr qutusu və “robotla” təchiz edilir. Kia Ceed SW universalı isə həm də təkrar doldurulan hibrid kimi də təklif edilir. Hibrid universalı radiator barmaqlığının bağlı yuxarı hissəsi sayəsində tanımaq olar. Hibrid qurğunun tərkibinə 105 at qüvvəli 1,6 GDI atmosfer mühərriki, 61 at qüvvəli elektromotor və 6-pilləli “robot” daxildir. Hibrid qurğunun hasilatı 141 at qüvvəsidir. Model çeşidinin zirvəsində 204 at qüvvəli 1,6 T-GDI turbomühərriki və 7-pilləli “robot” ilə təchiz edilən Ceed GT və Proceed GT modelləri qərarlaşıblar.
Yenilənmiş Ceed modellərinin Slovakiyadakı əsas zavoddakı istehsalına avqust ayında başlanacaqdır. Yenilənmiş modellərin Avropadakı satışların bu ilin dördüncü rübündə start veriləcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.