Toyota şirkəti Köhnə Dünyada satılan üçsıralı Highlander krossoverini yeniləyib. Qərbi Avropada model hibrid qurğusu ilə təklif edilir, Şərqi Avropada isə, Lexus NX krossoverindən tanış olan 2,4-litrlik “turbodördlük” ilə təchiz olunacaqdır.

Bundan əlavə, Highlander modelinin rəng palitrasına yeni yaşıl matallik rəngi daxil edilib. Krossover yeni dizaynlı 20-düymlük təkər disklərini və bulud naviqasiyası olan Smart Connect multimedia sistemini də əldə edib.

Toyota Highlander Avropada 2021-ci ildən satışdadır. Burada krossover yalnız 2.5-litrlik mühərrikə əsaslanan 248 at qüvvəli hibrid güc qurğusu ilə təklif edilir. Güc qurğusu variator və tam ötürmə sistemi ilə birlikdə çalışır.

Bununla belə, yeniləmə ilə birlikdə Highlander modelinin mühərrik çeşidinə Lexus NX modelindən tanış olan 269 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 2,4-litrlik dördsilindrli turbomühərrik də daxil edilib. Maraqlıdır ki, bu aqreqat yalnız Şərqi Avropada təklif ediləcək və faktiki olaraq 3,5-litrlik V6 mühərrikini əvəzləyəcəkdir. Qərbi Avropada isə, üstünlük yalnız hibridə verilir.

Yeni mühərrikə əlavə olaraq, 2023-cü model ilinin Highlander modeli yeni Cypress Green rəngini, parlaq qara rəngli 20-düymlük təkər disklərini və salonun iki yeni dəri (bej və oxra) ilə tərtibat variantını əldə edəcəkdir.

12,3 düymlük rəqəmsal cihazlar paneli və eyni ölçüdə ekrana malik olan yeni Smart Connect multimedia sistemi də krossoverin təchizatına daxil edilib. Multimedia bulud naviqasiyasını, smartfondan idarəetməni və simsiz Apple CarPlay tətbiqini dəstəkləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin bahalı versiyalarında internet bağlantısı olmadan işləyə bilən daxili naviqasiya sistemi ilə təchiz edilmiş Smart Connect+ adlı sistemin genişləndirilmiş versiyası quraşdırılacaqdır. Üstəlik,modelin təchizatına  qadcetlərin simsiz doldurulması sistemi də daxil ediləcəkdir.

2023-cü model ilinin Highlander modelinə sifarişlər artıq qəbul olunur. Krossoverlərin çatdırılmasına 2022-ci ilin dördüncü rübündə başlamaq planlaşdırılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.