Toyota şirkəti Avropada beşinci nəsil RAV4 krossoverinin modifikasiya çeşidini Adventure adlı ofroud versiyası ilə genişləndirib. Əslində belə versiya ABŞ və Yaponiya bazarlarında mövcuddur və yapon istehsalçısı onu Köhnə Dünyada da təklif etmək qərarına gəlib. Yeni versiya yenidən işlənilmiş eksteryer və interyer dizaynına sahib olub.
Yapon mühəndisləri yenilənmiş Toyota RAV4 Adventure modelinə “ofroud ruhu” əlavə edərək, yapon markasına məxsus olan firma üslubunu qoruyub saxlamağa müvəffəq olublar. Beləliklə, krossover dəyişdirilmiş dizaynı olan qara rəngli radiator barmaqlığını, habelə loqotipin ikiqat üfüqi zolaqlarda yerləşməsini əldə edib. Modelin görünüşünü gündüz hərəkət işıqları inteqrasiya olunmuş yeni ön LED fənərlər və işıqdiodlarından hazırlanmış yığcam formalı ön duman əleyhinə fənərləri ilə tamamlanır.
Krossover, ilk dəfə olaraq, kuzovun unikal ikirəngli boyanması sxemi ilə təklif edilir. Urban Khaki rənginə boyanmış kuzov Dynamic Grey rəngli dam, ön dayaqlar və arxa spoyler ilə uyğunlaşdırılır. Belə boyanma klassik Toyota FJ40 modelini xatırlatmalıdır. Bundan başqa, krossover tutqun-boz rəngli yeni 19-düymlük təkər disklərinə və təkər tağlarının genişləndiricilərinə malikdir.
Krossoverin salonu narıncı rəngli tikişi olan qara eko dəri ilə üzlənib. Mütəxəssislər interyer üçün yeni LED işıqlandırmanı hazırlayıblar. Bundan başqa, işıqlandırmanı şüşəqaldıranların düymələri də əldə ediblər. Ön oturacaqların hər iki elektrik tənizmlənməsinə sahib olublar. Salonda yeni USB-C portu da peyda olub.
RAV4 Adventure modeli tərkibinə 2,5-litrlik benzin mühərriki və iki elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğunun ümumi gücü 222 at qüvvəsidir. Bundan başqa, artıq krossover standart olaraq ağıllı AWD-i tam ötürmə sistemi ilə təchiz olunur.
Yeni Toyota RAV4 Adventure versiyasının Avropa bazarındakı satışlarına 2022-ci ilin birinci rübündə başlanılmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.