Toyota Yaris hetçbeki avropalılar üçün heç də yad model deyil. Bu avtomobilin istehsalı Fransada, 2021-ci ildən isə Çexiyada həyata keçirilir. Bundan əlavə, Yaris uzun illərdir ki, Avropa bazarındakı bestsellerlərin ilk onluğunda yer alır: məsələn, ötən il burada 176 min hetçbek satılıb (mütləq sırlamada altıncı yer). Buna görə də təəccüblü deyil ki, modernləndirilmiş Yaris məhz Avropada təqdim olunub.
Bunu yenə də restyalinq adlandırmaq olmaz, çünki 2019-cu ildə debüt etmiş model zahiri cəhətdən dəyişməyib: bahalı versiyalar üçün yalnız yeni kuzov rəngləri və yeni 17 düymlük təkər diskləri təklif olunur. Amma Yaris artıq dəyişdirilmiş interyerə malik olub. Sadə versiyalarda əvvəlki kimi klassik cihazlar paneli quraşdırılır, lakin əlavə ödəniş müqabilində 7,0 və ya 12,3 düymlük rəqəmsal paneli sifariş etmək olar.
Ön panelin mərkəzi hissəsi yenidən işlənib, çünki əvvəllər yeddi və ya doqquz düymlük ekranı olan media sistemi üç variantda təklif edilirdisə, indi doqquz düymlük sensorlu ekran standart avadanlıqdır. Bahalı versiyalarda bu ekranın diaqonalı 10,5 düymə çatır.
Toyota Smart Connect media sistemi indi səslə idarəetməni və “hava” üzərindən yeniləmə funksiyasını da əldə edib. Üstəlik, mediasistemə rəqəmsal avtomobil açarı olan smartfonu qoşmaq mümkündür.
Yaris hetçbeki önləyici Toyota Safety Sense təhlükəsizlik sistemlərini, avtoparklayıcını və bir sıra köməkçiləri özündə birləşdirən yeni T-Mate elektron kompleksinə sahib olub. Onların hamısı bu və ya digər dərəcədə təkmilləşdirilib. Məsələn, yeni ön kamera və daha geniş bucaqlı radar artıq piyadalarla yanaşı, motosikletçiləri də aşkarlaya bilir.
İri Avropa ölkələrində (məsələn, Fransa) Yaris hetçbeklərinin 90 faizibdən çoxu hibrid versiyada satılır. İndiyə qədər hetçbek birlikdə 116 at qüvvəsi hasil edən 1,5-litrlik benzin mühərriki və elektromexaniki variator ilə təchiz edilirdi.
Ancaq indi ikinci hibrid variant əlavə edilib: 1,5-litrlik (91 at qüvvəsi, 120 Nm) mühərrik toxunulmaz qalıb, lakin fırlanma anı 141 Nm-dən 185 Nm-ə qədər artırılmış daha böyük və daha güclü elektrik mühərriki quraşdırılıb. Nəticədə sistemin maksimal gücü 130 at qüvvəsinə yüksəlib.
Yeni hibrid güc qurğusu Yaris hetçbekinin bahalı versiyalarında quraşdırılır, GR Sport “idman” versiyası isə, standart olaraq 130 at qüvvəsinə malik olacaqdır. Belə bir hibrid 100 km/saat həddinə 9,2 saniyəyə sürətlənəcəkdir.
Bundan başqa, Avropada Yaris iki atmosfer mühərriki - 1,0 (72 at qüvvəsi) və 1,5 (125 at qüvvəsi) litrlik benzin mühərrikləri ilə təklif edilir: Toyota onlardan imtina etməyə tələsmir.
Tamötürməli üçqapılı Toyota GR Yaris (261 at qüvvəsi) hetçbeki ailədə ayrıca yer tutduğunu üçün, sonra yenilənəcəkdir. Modernləşdirilmiş hetçbeklərə sifarişlərin qəbuluna iyun ayında başlanılmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.