Avropada keçirilən Car of the Year 2022 müsabiqəsinin nəticələri elan edilib. Avropalılar Kia EV6 elektrokarını 2022-ci ilin ən yaxşı avtomobili seçiblər. Kia elektrokarı finalda Renault Megane E-Tech və Hyundai Ioniq 5 modelləri ilə mübarizə aparıb. Adı çəkilən modellər müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Bundan başqa, finala Peugeot 308, Skoda Enyaq iV, Ford Mach-E və Cupra Born modelləri çıxıblar. Finalçılar arasında daxili yanma mühərriki ilə təklif edilən yeganə model Peugeot 308 modelidir.
Kia EV6 modeli keçən ilin mart ayında debüt edib və Hyundai Group konserni tərəfindən elektrokarlar üçün hazırlanmış E-GMP platformasına əsaslanan ilk model olub. Yerli bazardan başqa, Kia EV6 modeli Avropada, ABŞ, Avstraliya və digər regionlarda satılır.
Kia markası əvvəl də European Car of the Year müsabiqəsinin finalında iştirak edib və üçüncü yeri(Kia Ceed, 2019) tutub. Bu qələbə Cənubi Koreya markasının ilk qələbəsidir. Digər finalçılar belə sıralanıb: Renault Megane E-Tech (265 xal), Hyundai Ioniq 5 (261), Peugeot 308 (191), Skoda Enyaq iV (185), Ford Mustang Mach-E (150) və Cupra Born (144).
Keçən il bu müsabiqənin qalibi 266 xal toplamış Toyota Yaris modeli olmuşdu. O, Fiat 500 (240 xal) və Cupra Formentor (239) modellərini üstələmişdi.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.