«Car of the Year 2020» müsabiqəsinin münsiflər heyəti Avropanın ən yaxşı avtomobili tituluna iddialı olan yeddi finalçının siyahısını dərc edib. Ənənəvi olaraq, bu müsabiqənin qalibi mart ayında Cenevrə keçiriləcək avtosalonda elan edilir.
Xatırladaq ki, müsabiqənin münsiflər heyətinin tərkibinə Avropadakı 23 ölkəni təmsil edən 60 jurnalsit daxildir. Müsabiqədə, qalibin elan edildiyi tarixdən 12 ay əvvəl satışa çıxarılan yeni və ya ciddi yenilənməyə məruz qalan avtomobillər iştirak edə bilərlər. Final mərhələsində münsiflər heyətinin hər bir üzvünə 25 xal verilir ki, onlar da bu xalları, layıq gördükləri beş avtomobilə təqdim edə bilərlər. Bir avtomobilə maksimal olaraq 10 xal vermək olar.
«İlin avtomobili» müsabiqəsinin münsiflər heyəti 35 namizəddən 28-ni müsabiqədən çıxararaq, son yeddi finalçını təyin edib. Bunlar BMW 1 Series, Ford Puma, Peugeot 208, Renault Clio, Toyota Corolla, Porsche Taycan və Tesla Model 3 modelləridir.
Namizədlər arasında dörd BMW (1 Series, Z4, X6 və X7), dörd Toyota (Camry, Corolla, RAV4 və GR Supra), dörd Mercedes-Benz (CLA, GLB, EQC və GLS), üç Renault (Captur, Clio və Zoe), iki Porsche (Taycan, 911), Mazda (Mazda3, CX-30), Skoda (Kamiq, Scala) və Volkswagen (Golf, T-Cross) modelləri var idi. Qalan modellər bu siyahıda bir modellə təmsil olunurdular. Məsələn, Audi siyahıya e-tron, DS - 3 Crossback, Ferrari isə F8 Tributo modeli ilə təmsil olunurdu. Bundan başqa, qalibiyyət uğrunda Ford Puma, Kia e-Soul, Nissan Juke, Opel Corsa, Peugeot 208, Range Rover Evoque, SsangYoung Korando, Subaru Forester və Tesla Model 3 modelləri də mübarizə aparırdılar.