Formula 1 çempionatının yeni mövsümünün ilk mərhələsi olan Avstraliya Qran Prisini Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettel qazanıb. Alman pilot uğurlu strategiya sayəsində yarışa liderlik edən Lyuis Həmiltonu geridə qoymağa müvəffəq olub.
Yarışın ilk anlarında Kimi Rəykkonen Lyuis Həmiltona təzyiq göstərsə də, onu ötməyə müvəffəq olmayıb. Həmilton ilk yerdən start götürməyin üstünlüyündən istifadə edərək heç kimi irəli buraxmayıb. Startda Maqnussen yerindən çevik tərpənərək Ferstappeni arxada qoyub və dördüncülüyə yüksəlib. Haas komandasının digər pilotu Qrojan da yaxşı start alıb. İkinci dövrədən sonra ilk onluq belə sıralanıb: Həmilton, Rəykkonen, Fettel, Maqnussen, Ferstappen, Qrojan, Hülkenberq, Rikkardo, Sayns, Alonso.
Liderlər arasında temp fərqi o qədər də böyük olmayıb - Həmilton hər iki Ferrari pilotundan bir qədər yeyin olun. Britaniyalının komanda yoldaşı Bottas da Strolu qabaqlayaraq 14-cüyülə yüksəlib. 5-ci dövrədə Rikkardo Hülkenberqi qabaqlayıb.
Altıncı dövrədə Williams komandasının debütant pilotu Sergey Sirotkin əyləc problemi ilə üzləşərək bolidini təhlükəsizlik cibində dayandırıb. Bir dövrə sonra isə, Sauber pilotu Eriksson sükan gücləndiricisinin xarab olması ucbatından yarışdan kənar qalıb.

Doqquzuncu dövrədə Bottas Okonu arxada qoyub. Bir dövrə sonra isə Ferstappenin bolidi döngə girişində sürüşərək yerində fırlanıb. Lakin, holland pilot avtomobili ram edərək yarışa davam edib. Bu səhv Maksa üç mövqe itkisinə başa gəlib.15-ci dövrədə Qaslinin bolidi ömrünü avstraliyalı azarkeşlərə tapşırıb.
19-cu dövrədə Rəykkonen, bir dövrə sonra isə Həmilton pit-stopa yollanıb. Onlardan 3 dövrə sonra Maqnussen də pit-stop edib. Pit-stopdan sonra Maqnussen sürəti azaldaraq dördüncü döngədə avtomobilini trekin kənarında dayandırıb. Haas pilotu arxa sol təkərin yaxşı bağlanmadığna görə yarışa son verməli olub.

Eyni problemlə onun komanda yoldaşı Romen Qrojan da üzləşib. Lakin, fransız pilotun bolidində ön sol təkər yaxşı bərkidilməyib. Beləliklə, ilk yarışda yüksək nəticələr əldə etmək imkanına malik olan amerikan komandası dramatik şəkildə tam tərkibdə yarışdan kənar qalıb. Qrojanın avtomobilini ikinci döngədə saxlaması əvvəlcə virtual təhlükəsizlik avtomobili, sonra isə real təhlükəsizlik avtomobili rejiminin elan edilməsi ilə nəticələnib.
Fürsətdən istifadə edən Fettel pit-stopa yollanıb və Lyuis Həmiltonun önündə çıxıb. Uğurlu anı seçən Ferrari strateqləri hər kəsi təəccübləndirə biliblər. Lyuis Həmilton isə əsl şok keçirib. Ferstappen Alonsonu sarı bayraqlar altında keçsə də, sonradan komandanın tələbi ilə mövqeyini ona geri qaytarıb.
Restartdan sonra Həmilton Fettelə, Rikkardo isə Rəykkonenə təzyiq edib. Lakin, hücum edənlərin heç biri rəqibini üstələyə bilməyib. Yarışın son dövrələrində Həmilton komandanın tələbi ilə yavaşlayıb. Fettel 200-cü yarışında qələbə çalaraq karyerasındakı 48-ci qələbəsini və 100-cü podiumunu əldə edib. Həmilton ikinci, Rəykkonen isə üçüncü olub.


