Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi maraqlı bir patrul avtomobili əldə edib. Bu Lexus RC F «bərkgedən» sportkarının bazasında hazırlanmış polis avtomobilidir. Avtomobil həm patrul xidməti aparacaq, həm də hərəkətin təhlükəsizliyinə həsr edilmiş müxtəlif təbliğat tədbirlərində iştirak edəcəkdir. Sportkar 477 at qüvvəli beş litrlik səkkiz silindirli mühərrik ilə hərəkətə gəlir. Səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışan güc aqreqatı sportkarı 100 kilometr saat həddinə 4,5 saniyəyə sürətləndirməyə imkan verir. Sportkarın maksumal sürəti elektronika tərəfindən 270 km/saat həddində məhdudlaşdırılmışdır.
Qeyd etmək lazımdır ki, Lexus RC F sportkarı Avstraliya polisində xidmət aparan üçüncü «bərkgedən» avtomobildir. Bundan əvvəl, Mercedes-Benz şirkəti Viktoriya ştatının polisinin sərəncamına 585 at qüvvəli mühərrikə sahib olan Mercedes-AMG GLE 63S Coupe krossoverini təqdim etmişdir. Yeni Cənubi Uels ştatının polisi isə, 441 at qüvvəsi gücü olan Ford Mustang GT «əzələ avtomobilini» müəyyən müddətə əldə etmişdir.
Bundan başqa, 2015-ci ildə yapon sportkarı yerli turinq çempionatı olan V8 Supercars yarışlarının təhlükəsizlik avtomobili rolunda çıxış etmişdir. Lexus RC F həmçinin, çempionatın tibb xidmətinin də avtomobili vəzifəsini ifa edir.