Mövsümün birinci yarışı olan Avstraliya Qran Prisi Scuderia Ferrari komandasının alman pilotu Sebastyan Fettelin möhtəşəm qələbəsi ilə başa çatmışdır. Bu Ferrari komandasının 2015-ci ildən bu tərəfə əldə etdiyi ilk qələbədir.

Bir Ferrari azarkeşri olaraq podium mərasimi zamanı alman və italyan himnlərinin səslənməsi mənə möhtəşəm 2000-ci illəri xatırlatdı.

Nə isə, gəlin bu günə qayıdaq. Qırmızı işıqların sönməsi ilə pouldan start alan Həmilton problemsiz olaraq yerini qorumağa müvəffəq oldu. Britaniyalı pilotun bərbad startlarını yada salsaq, Lyuisin mövsüm arasında bu problem üzərində ciddi məşğul olduğu məlum idi, və bu çalışmalar da bəhrəsini vermişdi. Startda Mercedes komandasında ilk yarışına çıxan Valteri Bottas Sebə hücuma keçsə də, alman pilot movqeyini müdafiə etməyi bacardı. Maks Ferstappen yaxşı start götürsə də, birinci döngədə Bottas və Rəykkoneni keçə bilmədi.

İlk beşlikdə yarışı başlayan pilotlar eyni sıralama ilə ilk döngədən çıxdılar. Yeddinci yerdən yarışa başlayan Felipe Massa uğurlu başlanğıc edərək Romen Qrojanı arxada qoydu.

Birinci dövrənin sonunda ilk onluq belə sıralanmışdı: Həmilton, Fettel, Bottas, Rəykkonen, Massa, Qrojan, Sayns, Peres və Kvyat.

Start hadisəsiz də ötüşmədi - üçüncü döngədə əyləc nöqtəsini qaçıran Haas pilotu Maqnussen Erikssonla toqquşaraq çınqıllığa çıxdı. Pilotların bəxti gətirdi və onlar çınqıllıqdan qurtularaq boksa qayıtmağa müvəffəq oldular. Yarışın stüartları isə, bu hadisəni təhlil edərək onun yarış hadisəsi olduğuna qərar verdilər. Bununla belə, liderlik edən qrupda qopmalar da müşahidə edilirdi: Həmilton tempi artıraraq Fetteldən «qaçmağa» çalışsa da, alman pilot aranın çox açılmasına imkan vermirdi.

Bir müddət sonra Lyuis məsafəni açmağa müvəffəq olsa da, Seb doqquzuncu dövrədə 1.28.234 zaman göstərərək ən sürətli dövrəni öz adına yazdı. Həmiltondan cavab 11-ci dövrədə gəldi - 1.28,117. Bir çoxları artıq Həmiltonun asanlıqla qələbə çalacağından və Mercedes bolidinin üstünlüyündən danışsalar da, vəziyyət birinci pit stopdan sonra dəyişdi - ilk olaraq pit-stopa yollanan Həmiltonun yoxluğundan istifadə edən Sebastyan ara məsafəsini açmağa başladı. 

Lyuisin taxdığı Soft şinləri Fettelin işlənmiş UltraSoft’undan yaxşı işləməyə başlasa da, pit-stopdan sonra Maks Ferstappenin arxasına düşən Həmilton vaxt itkisinə məruz qaldı.

Ferstappenin asanlıq güzəştə getmədiyini nəzərə alsaq, Həmiltonun işinin çətin olduğu məlum idi. Fettel isə rahatlıqla üstünlük əldə edərək 23-cü dövrədə Soft təkərlərinin ardınca pit-stopa yollandı. Qeyd edim ki, keçən ilki bərbad strategiya qəbul edən Ferrari körpücüyü bu dəfə doğru zamanlamanı hesablaya bilmişdi. Sebastyan pitdən Ferstappen-Həmilton ikilisinin önündə çıxaraq üstünlük əldə etmiş oldu. Mercedes rəhbərliyindən Həmiltona «B» planına keçmək barədə tövsiyə gəlsə də, bu planın nədən ibarət olduğu anlaşılmadı və bu keçidin heç bir əhəmiyyəti olmadı. Yarışın ortasında ilk onluq növbəti qaydada sıralanmışdı: Fettel, Həmilton, Bottas, Rəykkonen, Ferstappen, Kvyat, Massa, Peres, Sayn və Alonso. Bu zaman ərzində avtomobilləri ilə problem yaşayan Qrojan,Palmer və Eriksson yarışdan kənar qaldılar.

Çox keçmədən yerli azarkeşlərin sevimlisi Rikkardo da yarışı tərk etmiş oldu. 

Bununla belə, Ferrari strateqləri Rəykkonen üçün düzgün strategiya seçmədilər - fin pilotun üslubunun təkərləri daha çox qorumasını nəzərə alsaq, onun Soft deyil SuperSoft təkərlərinə keçməsi daha məqsədə uyğun olardı. Beləliklə, Kiminin Bottasa yaxınlaşmaq şansı ola bilərdi.

Lakin, bu strategiya fin pilotun son on dövrəsinin bir qədər gərgin keçməsinə səbəb oldu - SuperSoft təkərlərini seçmiş Ferstappen sürətlə fin pilota yaxınlaşmağa başladı. Yarışın bitməsinə son 10 dövrə qala ilk onluqdakı vəziyyət belə idi: Fettel, Həmilton, Bottas, Rəykkonen, Ferstappen, Massa, Peres, Kvyat, Sayns və Alonso.

Fettel Həmitonla arasını açmağa bacarmış, Bottas isə sürətlə komanda yoldaşına yaxınlaşmaqda idi. Bundan sonra baş verən ən qəribə və müəmmalı hadisə, yarışın bitməsinə 7 dövrə qalmış Kvyatın pit-stopa çağrılması oldu.

Açığı Toro Rosso strateqlərinin bu hərəkəti bizim üçün bir qədər anlaşılmaz oldu. SuperSoft təkərlərinin qalan məsafəyə dözəcəyini ehtimal etmək olardı, lakin nədənsə, italyan komandası rus pilotu pitə çağımağa üstünlük verdi və nəticədə Kvyat yerini komanda yoldaşı Sayns təhvil verdi.

Yarışın sonuna yaxın dövrələrdə Esteban Okon və Niko Hülkünberq Alonsonu gözəl manevrlə keçərək 10-cu və 11-ci olmağı bacardılar. Bu manevr Esteban Okona ilk yarışda komandasına xal qazandırmaq şansı verdi. Antonio Covinazzi və Stefan Vandorn finiş görən digər pilotlar oldular. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt