Bu gün azarkeşlərin «vyetnamkalar» çempionatı adlandırdığı Formula 1 seriyasının ilk mərhələsi olan Avstraliya Qran Prisinin təsnifat mərhələri keçirilib. Ənənəvi olaraq, mövsümün ilk təsnifat mərhələsinə F1-Azərbaycanın səsi olan Rəhim Əliyevin deyil, onun rusiyalı həmkarı Aleksey Popovun şərhi ilə baxdıq.
Melburnun Albert-parkında keçirilən sərbəst yürüşlər və təsnifat mərhələsi liderlər arasında qüvvələr nisbətinin dəyişmədiyini bir daha sübut etmiş oldu. Lyuis Həmilton təsnifat mərhələsində ilin favoriti olduğunu hər kəsə bir daha sübut etdi. Sebastyan Fettel isə, ikinci seqmentdə britaniyalının tacından edəcək yeganə pilotun özünün olduğunu bildirdi.
Təsnifat mərhələsi hadisəsiz də ötüşmədi - üçüncü seqmentdə pilotaj səhvi buraxan Valtteri Bottas idarəetməni itirərək bolidini darmadağın etdi. Valtteri bu qəzadan zədə almadan çıxmış oldu. Eyni halı Mercedes komandasının boksundakı stol barədə demək olmaz - bu bədbəxt stol növbəti dəfə Toto Volfun yumruq zərbəsi ilə lərzəyə gəldi.

Treki Mercedes bolidi və onun qırıntılarından təmizləmək üçün yarışın rəhbərliyi qırmızı bayraqların dalğalandırmaq qərarına gəldi. Təsnifat mərhələsinin yenidən başlanmasından sonra Lyuis Həmilton möhtəşəm 1,21.164 zamanına imza ataraq mövsümün ilk poulunu heç kimə verməyəcəyini bildirdi.
İkinci seqmentdə yeyin olan Sebastyan Fettel britaniyalının vaxtını aşa bilmədi, üstəlik, komanda yoldaşı Kimi Rəykkoneni də irəli buraxmış oldu. Kimi - 1,28.828, Fettel isə 1,21,838 zamana imza ataraq liderə müvafiq olaraq 0,664 və 0,674 saniyə uduzdular. Bu fərq Mercedes bolidlərinin təsnifat tempinin «qırmızılardan» xeyli yeyin olduğunun əyani sübutudur. Sabahkı yarış, bizlərə iki liderlərin yarış tempini müəyyənləşdirməyə yardım etməlidir.
RBR pilotu Daniel Rikkardo aldığı cəza nəticəsində səkkizinci yerdən start almalı olacaqdır. Ən maraqlısı isə, Mercedes, iki Ferrari və iki Red Bull Racing pilotlarından sonra kimlərin peletonun ortasında mübarizə aparacağının müəyyənləşdirilməsi idi.

Haas pilotları Maqnussen və Qrojan səkkizinci və doqquzuncu nəticəni göstərərək mövsümöncəki testlərindəki sürətlərini təsdiqləmiş oldular. Renault komandası da tam tərkibdə ilk onluğa daxil olmağı bacaqdı : Saynz yeddinci nəticəni göstərsə də, Hülkenberq ilk onluğu tamamlayan pilot oldu.
McLaren pilotları ilk onluğun sərhəddinə qədər yüksəlsələr də üçüncü seqmentə girməyə müvəffəq olmayıblar. Alonso və Vandornu Force India pilotu Serxio Peres və Williams komandasının kanadalı pilotu Lens Stroll təqib edib. Səkkizinci cərgədən yarışı Okon və Hartley başlayacaqdırlar. Gənc istedad Şarl Lekler Segey Sirotkin və Pyer Qaslini üstələyərək 18-ci yerdən start alacaqdır.
Williams komandasının Sauber və Toro Rosso ilə birlikdə autsayderlər qrupuna daxil olması gözlənilməz deyildir. Barselonadakı testlər komandanın ciddi problemlə üzləşdiyini göstərmişdir.
