Avstraliyanın V-Spec Performance atelyesi dünyada nadir tapılan Skyline modellərindən biri haqqında videoçarxı yayıb. R33 kuzovuna və R400 indeksinə malik olan kupedən cəmi 44 ədəd buraxılıb.
Fanatlar üçün ən arzu edilən kuzovun R32 olmasına baxmayaraq, avstraliyalıların təqdim etdiyi kupe çoxlarını heyran edəcəkdir. V-Spec mütəxəssisləri bu unikal avtomobili ideal vəziyyətə gətiriblər.
Nismo Nissan Skyline GT-R LM GT1
Nissan şirkəti 1996-cı ildə GT-R Le Mans yarış avtomobilinin məhdud saylı seriyasını buraxmaq fikrinə düşüb. Adından da göründüyü kimi, kupe «Le Manın 24 saatı» marafonunda iştirak etmək üçün nəzərdə tutulub. Nəticədə, RB seriyasından olan təkmilləşdirilmiş sıralı altısilindrli mühərriki olan Nissan R33 Nismo 400R modeli işıq üzü görüb.
Nismo 400R üçün xüsusi olaraq hazırlanmış mühərrik RBX-GT2 və yaxud Reinik adıandırılıb. Mühəndislər mühərrikin iş həcmini 2,8 litrə qədər artırıb, silindrlər blokunu və başlığını gücləndirib, porşenləri soyutma kanalları ilə təchiz ediblər. Bundan başqa, mühərrik idman katalizatoruna, döymə sürgü qolu və dirsəkli vala sahib olub. Aqreqat 443 at qüvvəsi və 469 Nm fırlanma anı hasil edir. Nissan R33 Nismo R400 yerindən 60 mil/saat (97 km/saat) həddinə dörd saniyəyə sürətlənir və 300 km/saatın üzərində maksimal sürət həddinə malik idi.
Bəzi mənbələr avtomobilin 44 deyil 99 nüsxədə buraxıldığını iddia etsələr də bunu təsdiq edən fakt yoxdur. Avstraliyalıların əlində olan kupe isə tünd-bənövşəyi rəngə boyanmış avtomobillərdən yeddincisidir.