Bir il əvvəl təqdim edilən yığcam Acura Integra Type S liftbəki artıq baza versiyasında yaxşı sürücü avtomobilidir, çünki o, Honda Civic Type R hot-hetçinə əsaslanır. Təəccüblü deyil ki, Honda Racing Corporation (HRC) bölməsi TCX yarışlarında xüsusi hazırlanmış “İnteqra” modelindən istifadə etmək qərarına gəlib. İndi isə, seriya liftbəki üçün oxşar təkmilləşdirmələr dəstini də hazırlayıb.
Avtomobil Pebbl Biç Zəriflik müsabiqəsində nümayiş etdirilib, lakin o ənənəvi xüsusi nəşr və ya şou avtomobil deyil. Acura Integra Type S HRC liftbəki yarışda sınaqdan keçirilmiş komponentlər və hissələr dəsti ilə təchiz edilib. Liftbək böyük hava girişləri və iri splitteri olan yeni ön bamperi alıb.
Karbonplastikdən kapotda böyüdülmüş hava kanalları peyda olub, kandarlarda genişləndiricilər quraşdırılıb, arxa hissə isə, karbonplastikdən hazırlanmış tənzimlənən antiqanadla bəzədilib. Kuzov göz oxşayan Indy sarı rənginə boyanıb ki, bu rəng də təkcə kuzov dəstinin detalları ilə deyil, həm də Pirelli P Zero Trofeo R şinləri taxılmış 19-düymlük təkər diskləri ilə təzad təşkil edir.
Arxa divan lazımsız olduğundan çıxarılıb, onun əvəzinə çarpaz formalı kuzov gücləndiricisi və ehtiyat təkərləri dəstinin bərkidilməsi üçün karbonplastik dayaq quraşdırılıb. Arxa qapılar da karbonplastiklə üzlənib, ön Recaro “çalovları” da ondan hazırlanıblar. Kompozitlərin eksteryer və interyerdə belə bol istifadəsi liftbəkin boş çəkisini 90 kiloqram azaldaraq 1370 kiloqrama çatdırıb.
Asqıda təkər bucaqlarını yeyin tənzimlənməsi üçün vintli dayaqlar və lövhələr quraşdırılıb. Arxa oxda fərdiləşdirilə bilən stabilizator peyda olub. Nəticədə klirens 15 millimetr azalıb, təkər izi isə, 30 millimetr genişlənib. Ön əyləclər 15 düymlük diskləri və altı porşenli Brembo mexanizmlərini alıblar. Güc aqreqatının təkmilləşdirilməsi yarış avadanlığı dəstinə daxil deyil, buna görə də Acura Integra Type S HRC 2,0-litrlik K20C turbomühərriki (324 at qüvvəsi, 420 Nm), altı pilləli mexaniki transmissiya və özükilidlənən differensialı olan ön ötürməni qoruyub saxlayıb.
Prototipin yaradıcıları bütün komponentlərin tam funksional olduğunu və yarış trekində sınaqdan keçirildiyini xüsusilə vurğulayırlar. Bu dəstin nə vaxt satışa çıxarılacağı və ümumiyyətlə satışa çıxarılıb-çıxmayacağı hələlik məlum deyil. Lakin Acura Integra Type S HRC prototipinin Pebbl Biçdə nümayişi ictimaiyyətin reaksiyasını qiymətləndirmək üçün lazımdır. Üstəlik, Honda Racing Corporation həvəskarlardan şəhrlərdə açıq fikirli olmalarını xahiş edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.