Acura MDX krossoverinin dördüncü nəsli 2020-ci ilin sonunda təqdim edilib. Avtomobil yeni platformaya keçib və onun ölçüləri nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu, satışlara praktiki olaraq heç bir təsir göstərməyib: əvvəlki illərdə olduğu kimi, MDX əsas ABŞ bazarında ardıcıl olaraq ildə 50-60 minlik tirajla satılır. İndi isə, krossover planlaşdırılmış yenilənmədən keçib. Bununla belə, restaylinqin elə də genişmiqyaslı olmadığı ortaya çıxıb.
Acura MDX Advance Package
Krossover dəyişdirilmiş radiator barmaqlığına və genişləndirilmiş hava girişi olan fərqli bamperə sahib olub. Ön və arxa işıq texnikası yüngülcə tündləşdirilib, kuzov palitrasında isə, əlavə rənglər təklif olunub - mavi Canyon River Blue Metallic və boz Urban Gray Pearl.
Yeni təkər disklərinin diametri 20 düymə çatır. Güclü Acura MDX Type S versiyası 21-düymlük daha böyük təkər disklərinə malikdir. Eyni zamanda, belə krossover yan tərəfdə böyük qara bölmələri olan yeni ön bamperi və daha iri hüceyrələri olan radiator barmaqlığı ilə seçilir.
Acura MDX A-Spec
Salondakı əsas dəyişiklik media sisteminin idarə olunmasının yenidən nəzərdən keçirilməsidir. Acura mərkəzi tuneldəki böyük bilək dayağı ilə birlikdə True Touchpad panelindən imtina edib. Yeni bort sistemi sensorlu ekrana (12,3 düym) və quraşdırılmış Google xidmətlərinə malikdir.
Zamanın digər əlamətləri arasında Apple CarPlay və Android Auto protokollarının simsiz dəstəyi, Wi-Fi giriş nöqtəsi, havadan yeniləmə funksiyası və bəzi funksiyaların smartfondan məsafədən idarəedilməsi daxildir. İstehsalçı 31 dinamikdən ibarət olan opsional Bang & Olufsen audio sistemi ilə xüsusilə fəxr edir.
Acura MDX Type S
Texniki hissə dəyişməyib. Standart Acura MDX modeli 3,5-litrlik V6 atmosfer benzin (294 at qüvvəsi, 362 Nm) mühərriki və düymə ilə idarə edilən 10-pilləli avtomatik transmissiya ilə təchiz olunub.
İlkin versiyalar ön ötürməlidirlər, əlavə ödəniş müqabilində arxa təkərlərin fərdi qoşulmasını təmin edən bort muftaları olan dördüncü nəsil SH-AWD tam ötürmə sistemini sifariş etmək mümkündür.
Acura MDX Type S top versiyası ilk növbədə 3,0-litrlik V6 turbomühərriki (360 at qüvvəsi, 480 Nm) ilə seçilir, lakin 10-pilləli “avtomat” və SH-AWD transmissiyası yenidən tənzimlənmiş halda olsa da, baza versiyasından götürülüb.
Yenilənmiş Acura MDX krossoverləri yaxın aylarda Amerikadakı Acura dilerlərinə çatdırılacaqlar. Hazırda restaylindən əvvəlki krossoverlərin qiymətləri 50 min dollardan başlayır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.