Acura şirkəti yeni elektrik krossoverinin premyerasını elan edib. O, bir il əvvəl batareyalı ZDX krossoverinin nümayiş olunduğu Monterey Car Week tədbiri çərçivəsində baş tutacaq. Adı açıqlanmayan konsept, ZDX modelindən fərqli olaraq GM konserninin Ultium platformasına deyil, xüsusi hazırlanmış platformaya əsaslanan gələcək nəsil elektromobilin müjdəçisi olacaq.
Acura ZDX EV
Gələcək yenilik haqqında başqa təfərrüatlar yoxdur, ona görə də bir neçə kəlmə batareyalı ZDX modeli haqqında söyləmək gərəkdir. Bu krossover Precision EV konseptinin seriya təcəssümüdür və nəinki sələfindən (2009-2013), həm də “bərkgedən” MDX Type S modelindən (360 at qüvvəsi, 480 Nm) daha güclü olub. ZDX Type S versiyasının ikimühərrikli güc qurğusu 506 at qüvvəsi və 738 Nm fırlanma anı hasil edə bilər ki, bu da ona 60 mil/saat (97 km/saat) həddinə 4,3 saniyəyə sürətlənməyə imkan verir. Batareyanın tutumu 102 kilovat-saatdır, yürüş ehtiyatı isə, 500 kilometrə çatır.
Acura ZDX EV
Acura ZDX modelinin dizaynı üzərində Kaliforniyanın Acura Design studiyası işləyib. İlk dəfə olaraq krossoverdə Google xidmətlərinin dəstəyi, şarj stansiyalarının yerini nəzərə alan naviqasiya, həmçinin Panasonic firmasının ELS səs sistemini əvəzləmiş Bang & Olufsen audio sistemi peyda olub. Bu gün arxa ötürməli sadə ZDX A-Spec modelinin qiyməti 64 500 dollar təşkil edir. Performance təkərləri olan top səviyyəli ZDX Type S versiyası 10 min dollar bahadır.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.