Yığcam Tonale krossoveri üç il əvvəl debüt edib və bu, Alfa Romeo standartlarına görə o qədər də uzun müddət deyil. Lakin son vaxtlar krossoverin satışları kəskin şəkildə aşağı düşüb. Məsələn, bu ilin yanvar-avqust aylarında satışlar Avropada 42%, ABŞ-da isə, 23% azalıb. Potensial alıcıları cəlb etmək üçün Alfa Romeo krossoveri modernləşdirib, çünki planlaşdırılmış restylinqin tam vaxtıdır.

Avtomobil firma radiator barmaqlığının yeni versiyasını almış yenilənmiş ön hissəyə malikdir. Başqa bamper sayəsində ön kuzov çıxışı indi bir qədər qısalıb, avtomobilin nisbətləri isə, daha ifadəli olublar. Ön və arxa təkər izi genişləndirilib, emblem və nişanlar yeniləniblər. Palitraya üç əlavə kuzov rəngi (qırmızı, yaşıl və sarının çalarları) və opsional qara dam əlavə edilib. Yeni 19 və 20 düymlük disklər hesabına təkər diskləri çeşidləri genişləndirilib.

Yenilənmiş Alfa Romeo Tonale krossoverinin salonunda yüksək keyfiyyətli materiallar və rəng birləşmələri peyda olublar. Dəyişikliklər arasında ön panel, qapı kartlarında və dirsəkaltında seçilən tikişlər var, habelə ilk dəfə olaraq, interyerin üzlənməsi üçün qırmızı dəri təklif edilir. Transmissiyanın yeni fırlanan şaybası quraşdırılıb, bununla belə, əvvəlki kimi, iri sükanaltı dəstəklərdən istifadə etməklə pillələri dəyişdirmək mümkündür. Opsiyalar siyahısında 470 vattlıq 14 dinamikli Harman Kardon audio sistemi və soyudulan simsiz enerji doldurma paneli var.

Avropa üçün nəzərdə tutulmuş mühərriklər Euro 6E-bis ekoloji standartına cavab vermələri üçün təkmilləşdiriliblər. 1,5-litrlik turbomühərrik və 48 voltluq elektrik üstqurumu olan mülayim hibrid əvvəlki 160 əvəzinə 175 at qüvvəsi hasil edir yeddi pilləli ikimuftalı preselektiv “robot” ilə tandemdə çalışır. Təəccüblüdür ki, 1,6-litrlik turbodizel (130 at qüvvəsi) və altı pilləli ikimuftalı “robotun” birləşməsi dəyişməz qalır. Hər iki halda ötürmə ön oxadır. 

1,3 MultiAir mühərriki, altı pilləli avtomatik transmissiyası və arxa oxdakı elektrik mühərriki olan tamötürməli plagin hibrid 270 at qüvvəsi hasil edir. ABŞ bazarında yalnız 2,0-litrlik turbomühərrik təklif olunacaq ki, onun hasilatı da 256-dan 272 at qüvvəsinə qədər artırılıb. Fırlanma anı eynidir - 400 Nm. O, doqquz pilləli avtomatik transmissiya və tam ötürmə ilə birlikdə çalışır. Göründüyü kimi, əvvəlki plagin hibrid (290 at qüvvəsi) artıq ABŞ bazarında əlçatan deyil.

Təchizat səviyyələrinin sayı və tərkibinə yenidən baxılıb. Sprint adlı baza təchizatına LED faralar, qara dekor və 18 düymlük təkər diskləri daxildir. Salonda pedalların alüminium örtükləri və seçilən tikişləri olan parça ilə üzlənmiş oturacaqlar var. Orta səviyyəli Veloce təchizatı adaptiv asqı, 19 düymlük təkər disklərinə, qırmızı rəngli Brembo əyləc mexanizmlərinə, toxunuşsuz açılma funksiyası olan baqaj qapağına və havalandırılan oturacaqlara malikdir. Çeşidin zirvəsində yerləşən yeni Sport Speciale təchizatına eksteryerin gümüş dekoru, 20-düymlük təkər diskləri və qara rəngli mexanizmləri olan Brembo əyləcləri daxildir. İnteryer isə, qara alkantara ilə üzlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Alfa Romeo Tonale krossoverlərinin satışlarına  bu ilin sonuna qədər başlanmalıdır. Daha ətraflı məlumat və qiymətlər satışların başlanmasına yaxın zamanda açıqlanacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.