Tezliklə fransız Alpine brendinin çeşidində ilk krossover peyda olmalıdır. Bu barədə bəyanat hələ 2021-ci ildə, Renault qrupunun özünün uzunmüddətli Renaulution strategiyasını açıqladığı zaman verilmişdi. Qarşıdan gələn Paris avtosalonunda Alpine A390_β adlı konsept avtomobil nümayiş etdiriləcək. Konseptin adındakı “beta” kəlməsi sadəcə layihənin hazırlığının ilk mərhələsinə işarə edir.
Şirkət özü krossover və ya SUV terminlərindən yayınır, gələcək modeli “idman fastbəki” adlandırır. Brendin rəhbəri Filip Krif hətta A390_β modelini real Alpine A110 idman avtomobilinin beş nəfərlik analoqu hesab edir. Konseptdəki krossover əhval-ruhiyyəsinə artırılmış klirens və kuzovun perimetri boyunca uzanan rənglənməmiş plastikdən hazırlanmış kuzov dəsti işarə edir. Digər tərəfdən, A390_β iti siluetə, əzələli kuzov konturlarına və çərçivəsiz qapılara malikdir. Konseptin uzunluğu 4,7 metr, eni - 1,9 metr, hündürlüyü isə 1,55 metrdir.
Avtomobilin yaradılması zamanı aerodinamik işlənmələrə xüsusi diqqət yetirilib. Paz formalı ön hissədə ənənəvi radiator barmaqlığı yoxdur, lakin kili olan iki səviyyəli kapot var. Bu element panoram damdan keçir və əhəmiyyətli dərəcədə böyüyərək baqaj bölməsinin şüşəsində bitir. Həmçinin arxa tərəfdə fənərlərin üstündə yerləşən 80 millimetr irəli çıxan antiqanadlar da var. Görünüşü öndəki 22-düymlük və arxadakı 23-düymlük təkər diskləri tamamlayır. Yaradıcıların fikrincə, konseptin xarici görünüşü gələcək seriya elektromobilinə 85% uyğundur.
Ancaq interyer hələ də son variantdan çox uzaqdır. O, kəskin kənarları və digər bucaqlı elementləri ilə zəngindir.Öndə şəffaf başlıqları olan iki mövqeli “çalovlar”, arxada isə, iki sərnişin üçün qəliblənmiş divan var. Döşəmə və digər daxili panellər qayanı xatırladan kələkötür səthlərə malikdirlər. Əlbəttə ki, bunların heç biri daha təvazökar daxili tərtibata alacaq A390 seriya modelinə keçməyəcək.
Krossoverin əvvəllər CMF-EV kimi tanınan AmpR Medium seriya elektrik platformasında inşa olunacağı məlumdur. Bu platforma artıq Nissan Ariya və Renault Megane E-Tech modellərinin əsasını təşkil edir, lakin onu Alpine markası üçün dəyişdirəcəklər. Ariya krossoverində maksimum iki elektrik mühərriki ola bilərsə, Alpine A390_β krossoveri üçün üçmühərrikli tam ötürmə sistemi hazırlanır: mühərriklərdən biri öndə, ikisi isə, arxada yerləşəcək. Belə quruluş arxa oxda dartma vektorunun idarə edilməsini təmin edir ki, bu da elektromobilə “qızğın” idarəetmə xüsusiyyətlərini bəxş etməlidir. İlkin məlumata görə, Alpine A390 modeli 360 at qüvvəsinə və 90 kilovat/saatlıq batareyaya malik olacaq.
Seriya Alpine A390 modeli bir ildən sonra təqdim ediləcək və Alpine A290 hetçbekindən sonra brendin ikinci elektromobili olacaq. Onun ardınca hətta autentik A110 idman avtomobili də elektrik dartmasına keçəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.