Alpine brendi Paris avtosalonunda təkcə konseptual elektrik krossoverini deyil, həm də Alpine A110 benzin kupesinin yeni versiyasını nümayiş etdirib. Çox güman ki, bu, sportkarın vida versiyasıdır, çünki keçən il eyni Ultime prefiksi Renault Megane RS hot-hetçinin ən son versiyası üçün istifadə edilmişdi. Bununla belə, rəsmi olaraq, yeni Alpine A110 R Ultime kupesi çeşiddəki ən güclü və ən ekstremal versiya kimi xarakterizə olunur.
Yeniliyin əsası kimi iki il əvvəl debüt edən A110 R versiyası götürülüb, lakin baş vermiş təkmilləşdirmələr də kifayət qədərdir. Oturacaqların arxasındakı köndələn şəkildə quraşdırılmış 1,8-litrlik turbomühərrikin hasilatı 300 at qüvvəsi və 340 Nm-dən 345 at qüvvəsi və 420 Nm-ə qədər artırılıb! Doğrudur, belə rəqəmlər yalnız 102 oktanlı benzinlə əldə olunur, mülki 98 oktanlı benizinindən istifadə etdikdə isə, güc 325 at qüvvəsi təşkil edir.
Fırlanma anının əhəmiyyətli dərəcədə artması ötürmələr qutusunun dəyişdirilməsi ilə əlaqədardır: A110 modelinin bütün versiyalarında quraşdırılmış yeddi pilləli "robot" əvəzinə, Getrag firmasının daha dözümlü muftaları olan altı pilləli DW6 "preselektivi" quraşdırılıb. Titandan hazırlanmış Akrapovic buraxılış sistemi mühərrikin möhtəşəm səsinə cavabdehdir. Bununla belə, genişmiqyaslı təkmilləşdirmələr 100 km/saata qədər sürətlənməni minimal dərəcədə yaxşılaşdırıb: orijinal R versiyasındakı 3,9 əvəzinə 3,8 saniyə.
Lakin Alpine mütəxəssisləri xüsusi Ohlins amortizatorlarının köməyi ilə kupenin idarə olunmasını bir qədər təkmilləşdiriblər. Maraqlıdır ki, adi A110 R modelində quraşdırılan karbonplastik disklərin əvəzinə, xüsusi Ultime versiyası öndə 18, arxada isə, 19 düymlük döymə təkər disklərini alıb. Onlar Michelin PS Cup 2 trek şinləri ilə təchiz olunurlar. AP Racing əyləc sistemi iki hissəli 330 millimetrlik disklər, əlavə soyutma kanalları və yüksək məhsuldarlıqlı əyləc yastiqləri ilə təchiz edilir.
A110 R Ultime üçün xüsusi hazırlanmış aerodinamik kuzov dəsti nəinki idman avtomobilini nəinki daha effektiv edib, həmçinin maksimum sürətlərdəki yerəbasma gücünü 160 kiloqram artırıb. Nəticədə Ultime versiyası Nürburqrinqin dövrəsini 7 dəqiqə 20 saniyəyə başa vurub. Bu, orijinal Alpine A110 R modelindən 15 saniyə daha yeyin, lakin Porsche 718 Cayman GT4 RS modelindən 10 saniyə daha yavaşdır.
Lakin Alpine A110 R Ultime modelini fərqləndirən təkcə onun idman iddiaları deyil. Atelier Sur-Mesure fərdiləşdirmə şöbəsi ekstremal idman avtomobili üçün geniş fərdiləşdirmə proqramı hazırlayıb. Buraya 27 standart kuzov rəngi daxildir, buna əlavə olaraq, müştəri çoxsaylı karbonplastik elementlər üçün istənilən rəng çalarını da seçə bilər. İnteryer tərtibatı üçün 13 variantda alkantara və 10 variantda dəri təklif olunur. Oturacaqlar və təhlükəsizlik kəmərləri Sabelt firması ilə birgə hazırlanıb.
Alpine A110 R Ultime versiyasının tirajı 110 nüsxə ilə məhdudlaşır. Əlbəttə ki, belə avtomobil ucuz ola bilməz. Buna görə də, onun başlanğıc qiyməti 265 min avro təşkil edir. Xatırladaq ki, adi R versiyası üçün isə, 106 min avro istənilir. Paris stendində və şirkət illüstrasiyalarında nümayiş etdirilən La Bleue tərəfindən hazırlanmış ikirəngli avtomobilin qiyməti 330 min avrodur! Lakin belə sportkardan yalnız 15 ədəd istehsal ediləcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.